09.06.2025, 01:29
AZ EN
15.11.2024, 14:30 255

Başlıbel qətliamı: üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri

XƏBƏRLƏR

1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra mühasirə şəraitində qalan dinc sakinlər ermənilərin silahlı hücumuna məruz qalırdılar.  Belə hücumlardan biri Başlıbel kəndi ərazisində baş verib. Aprelin 18-də "Portda kahaları" adlanan yerdə qayaların altında sığınacaq taparaq gizlənmiş, əksəriyyəti  qocalardan, qadın və uşaqlardan ibarət 60-dan çox kənd sakininin silahlı ermənilərin  qəfil hücumuna məruz qalması nəticəsində 18 nəfər  mülki vətəndaş şəhid olub. Bunlardan da 13 nəfəri "Portda"da, 5 nəfəri kəndin müxtəlif ərazilərndə vəhşicəsinə qətlə yetirilib. Sağ qalanlar gecənin düşməsindən istifadə edərək qaçıb canlarını qurtara bilsələr də 16 nəfər kənd sakini ermənilər tərəfindən əsir götürülüb.  

Bu qanlı hadisədən sağ-salamat çıxan 29 nəfər isə işğal olunmuş ərazidə gizli yaşamış və sağ qalmaq üçün həyat mücadiləsi aparmış, dəfələrlə ermənilər tərəfindən təqib olunmasına baxmayaraq, nəhayət, 113 gündən sonra gizli yollarla Kəlbəcər rayonunu tərk edərək Daşkəsənə keçə bilmişdilər. Yetmiş beş yaşlı  Ələsgər Kazımov isə doğma Kəlbəcəri tərk etməmiş, ömürlük olaraq dağlardan ayrılmamağı qərara almışdır.  Bu gün də  onun taleyi barədə heç bir məlumat yoxdur.     

 Kəlbəcər rayonu  işğalda olduğu 28 il  müddətində  bu qanlı hadisələrin canlı şahidləri dəfələrlə müsahibələr verdilər. Başlıbel qətliamı haqqında  Zimistan Həsənov, Məhəmməd Nərimanoğlu, Oqtay  Salahli, Namiq Dəlidağlı, Köçəri Cəfərli, Zahid Muxtar, Elxan Salahov, Etibar Seyidağa, Zülfüqar Hüseynzadə, Hüseyn Şahbəndəyev  dəfələrlə  məqalələr yazaraq  müxtəlif mətbuat orqanlarında çap etdirdilər.  Əli Başlıbelli, Musa Əziz, Ələkbər Sönməz, Xalid Kazımov, Elxan Salahov və Arif Süleymanov  qətliam haqqında  kitablar çap etdirdilər.

Araşdırmaçı-jurnalist Elxan Salahovun  2018-ci ildə çap etdirdiyi “Qanlı kaha“ kitabını isə bu qanlı faciə barədə  yazılmış  bütün  məqalə və əsərlərin pik nöqtəsi adlandırmaq olar. Çünki bu sənədli- publisistik povestin çapından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Birləşmiş Millətlər Təşkilatının kürsüsündən  ermənilərin törətdiyi  Başlıbel qətliamı haqqında dünya ölkələrinin liderlərinə məlumat verdi.  2022-ci ildə  Elxan Salahovun ssenarisi əsasında  “Qanlı kaha “ kitabının motivlərini özündə əks etdirən sənədli televiziya filmi  çəkilmişdir.  Bu yaxınlarda Kəlbəcər rayonunun Başlıbel kəndində  doğulub boya-başa çatan  Süleymanov Arif Tapdıq oğlunun  uzun müddət üzərində işlədiyi “Başlıbel qətliamı: üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri" kitabının genişləndirilmiş ikinci nəşri çapdan çıxmışdır.  Kitab bu günə qədər çap olunmuş bütün  kitablardan fərqlənir.  Burada  təkcə Başlıbel qətiamı ilə əlaqəli toplanmış materiallar yox, çar Rusiyası dövründən  ermənilərin İrandan və Türkiyədən Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsi  və orada yerləşdirilməsindən tutmuş çağdaş dövrümüzə qədər  baş verən tarixi hadisələr  öz əksini tapmışdır.  

Kitabın giriş hissəsində Sibir düşərgələrində saxlanılan Azərbaycanlı ailələrin taleyi haqqında qısa məlumat oxucunun nəzərinə çatdırılmaqla  XX əsrin sonlarında Azərbaycan xalqının ermənilərin təcavüzünə məruz qalmasının heç də təsadüfi hal olmadığı bildirilir. Müəllif  bununla bildirir ki, xalqımızın başına gətirilən soyqırım və deportasiya hadisələri  çar Rusiyasının  erməniləri  Azərbaycana köçürməsinin məntiqi davamıdır.  Kitabda Rusiya ilə  XVIII-XIX əsrlərdə  aparılan bir çox müharibələrin gedişində  İran və Osmanlı torpaqlarından, XX-XIX əsrlərdə  Suriya və Livan  kimi ölkələrdən  gizli  yollarla ermənilərin  Cənubi Qafqaza köçürülməsinin, iki əsr boyu  Azərbaycan türklərinə qarşı  apardıqları soyqırım siyasətinin və 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı  törətdikləri qətliamlar haqqında  qısa tarixi bilgilər verilmişdir. Müəllif giriş hissədə yazır:  “Əsas məqsədimiz yaxın tarixdə baş vermiş  qətliamların və soyqırımların  hansı gizli və açıq siyasətlərin nəticəsi olduğunu və tariximizə biganə qalmayaraq  törədilən bu kimi  dəhşətli hadisələrin  əsl səbəblərinin gələcək nəsillərə  düzgün çatdırılmasında  köməkçi olmaqdır”. 

Kitab üç hissədən ibarətdir. Birinci hissə “Qarabağ problemi”nin qısa tarixi: Azərbaycanlılara qarşı törədilən soyqırım aktları“, ikinci hissə “I Qarabağ müharibəsi: Azərbaycan ərazilərinin işğalı və yeni qətliamların törədilməsi“,  üçüncü hissə isə “II Qarabağ müharibəsi “ adlanır. Üçüncü hissədə Başlıbel qətliamı zamanı "Portda" kahalarında şəhid olan 12 nəfərin cəsədlərinin dörd aylıq istintaqdan sonra  dəfni barədə AZƏRTAC-ın  7 sentyabr 2021-ci il  tarixli məlumatı da  öz əksini tapıb. Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün  Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində  faciə qurbanlarının  ailə üzvləri ilə  yanaşı qətliama şahidlik etmiş kənd sakinləri də iştirak etmişlər. Üçüncü hissədə  kitabın işlənməsi prosesində  istinad olunmuş ədəbiyyatın biblioqrafik göstəricisini  əks etdirən  “Biblioqrafiya” bölməsi də var.  Bu bölmədə müəllif  kitabı hazırlamaq üçün müraciət etdiyi  60-dan çox əsərin, elmi məqalənin, monoqrafiyanın, şəxsi əlyazmaların siyahısını ardıcıllıqla oxuculara təqdim etmişdir.  

Ümumiyyətlə, A. Süleymanovun müəllifi olduğu “Başlıbel qətliamı: üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri" kitabı gələcək nəsillərimiz üçün  tarixi yaddaş rolunu oynamaqda çox önəmli bir mənbədir.  Bu kitab doğma Başlıbelimizin qanlı tarixinin  yaddaşlarda qalması üçün  indiyədək çap olunmuş kitablara  və məqalələrə yeni bir yanaşmadır. Başlıbelin ziyalı nümayəndəsi Arif Süleymanova ərsəyə gətirdiyi  bu dəyərli kitaba görə təşəkkürümü bildirirəm.                                                          

Oqtay  SALAHLI

Oxşar xəbərlər