"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Vera Ağasyanın qızına istinadən məlumat yayıb. Bildirilir ki, Veranın 4 övladı olsa da, ötən ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatları zamanı onu Ermənistana gətirməyə razı sala bilməyiblər.
“Anam kənddə yaşayırdı. Müharibə zamanı üç uşağımla Ermənistana köçmüşəm, anamın orada qaldığını bilmirdim. Sonra durmadan Ermənistana gəlməyə inandırdım, amma istəmədi”, - Veranın 32 yaşlı qızı deyib.
O, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə anasının sağlıq və yaşam durumu barədə məlumat aldıqlarını, onun uzun sürən xəstəlikdən vəfat etdiyini söyləyib: “Anamı Ermənistana gətirmək üçün dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişəm. Amma anam imtina etdi, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri dedilər ki, anam özü istəməsə, onu zorla gətirə bilməzlər. Bir müddətdir anamla danışmırdım, xəstə olduğunu da bilmirdim, bundan sonradan xəbər tutdum. Bir neçə gün əvvəl ilə anamın ölüm xəbərini aldım. Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəcəyəm ki, anamın cənazəsi Ermənistana gətirilsin və biz onu burada basdıraq”.
BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində təşkilatın mərhumun ailəsi ilə əlaqə saxladığını və müvafiq addımlarla əlaqədar hər cür köməklik göstərməyə hazır olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 70 yaşlı Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. Səhiyyə Nazirliyinin oktyabrın 23-də yaydığı məlumata görə, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.
Elxan SALAHOV