Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra QAİ İH-nin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, şəhidlər bizim qürur yerimiz, onların ailələri isə əmanətlərimizdir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyub, xalqımızın alnındakı bu qara ləkəni silməyə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına nail olmuşuq. Onların xatirəsini əziz tutub, ailələrinin qayğısına qalmaq hər birimizin borcudur. Sədr bildirib ki, İcma tərəfindən Qərbi Azərbaycandan olan şəhidlər haqqında məlumatlar bir yerə toplanaraq kitab şəklində nəşr edilib, tezliklə kitabın təqdimat mərasimi keçiriləcəkdir.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək bildirib ki, bu günkü tədbir şəhid ailələrinə göstərilən qayğı və ehtiramın növbəti nümunəsidir. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirməsindən və şəhidlərimizin qanının yerdə qalmaması üçün qətiyyət nümayiş etdirməsindən bəhs edib.
Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Qərbi Azərbaycan İcmasına təşəkkür edərək bildirib ki, onların ailəsi də səbirsizliklə öz ata-baba yurdlarına, Qərbi Azərbaycana qayıdışı gözləyirlər və əmindirlər ki, bu gün uzaqda deyil.
Şəhid Rövşən Hüseynovun anası Sona Hüseynova, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev və başqaları da Qərbi azərbaycanlı olaraq İcmanın diqqətini yüksək qiymətləndirib, Böyük Qayıdışa inamlarının tam olduğunu bildirblər.
QAİ-nin Nərimanov nümayəndəsi Təmraz Tağıyev görüş üçün şəhid ailələrinə, qazilərə təşəkkür edib. O, Nərimanov rayon sakinləri olmuş hər iki Vətən Müharibəsi Qəhrəmanı ilə qürur duyduğunu, bu oğulların Qarabağ uğrunda döyüşə atılmalarında Vətən həsrətinin rol oynadığını bildirilib.
Görüşdə iştirak edən QAİ NTK sədri professor Vahid Novruzov qeyd edib ki, bu gün bütün Qərbi azərbaycanlılar inanırlar ki, öz tarixi torpaqlarına məhz ölkə başçısının qətiyyəti ilə sülh və əmin-amanlıq şəraitində qayıdacaqlar.
Sonda şəhid ailələrinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları təqdim olunub, xatirə şəkli çəkilib.
Tahirə AĞAMİRZƏ