19.09.2024, 19:55
AZ EN
21.05.2024, 11:23 249

Anası onunla qürur duyur…

XƏBƏRLƏR
  • Bütün şəkillərində Fəridin üzü gülür. Orta məktəbə gedəndə, ali təhsil ocağında, elə müharibəyə yollananda da. Üzündə təbəssümün varsa demək mübariz adamsan. Fərid belə mübariz olmağı Birinci Qarabağ Müharibəsi veteranı atası Ərəstun Əsgərovdan öyrənib. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və bu amal uğrunda döyüşmək olub. Elə ona görə də könüllü olaraq heç kəsə demədən gedib ordu sıralarına yazılmışdı. Fərid ali təhsilli, savadlı, işıqlı bir övlad idi. Onun arzuları vardı, İspaniyada gedib təhsilini davam etdirmək istəyirdi. Amma Vətən təəssübkeşliyi bütün arzularının fövqündə dayanırdı.

Fərid 2020-ci il oktyabrın 4-dən İkinci Vətən müharibəsinə qatılıb. Onun ilk döyüş yolu Füzulidən başlayıb. Sonra Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda şiddətli döyüşlərdə mərdliklə vuruşub və şücaətlər göstərib.  Düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində Fəridin də xüsusi rolu olub.

Fəridin anası da onun haqqında üzündə xəfif təbəssümlə danışır və belə  müqəddəs amalı olan vətəncanlı şəhid övladı ilə qürur duyduğunu deyir... 

Bu gün Vətən Müharibəsinin belə qəhrəman şəhidlərindən olan igid əsgər Fərid Ərəstun oğlu Əsgərovun doğum günüdür. O, 1996-cı il mayın 21-də Neftçala rayonu Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirib. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində çalışıb.

Fərid Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü noyabrın 4-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz babasının arzusu ilə doğma Neftçalada Qaçaqkənd kənd qəbirstanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Əsgərov Fərid Ərəstun oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Fərid balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR