22.11.2024, 22:49
AZ EN
22.02.2024, 14:39 316

Xocalı sakini: Almanların “ölüm düşərgəsi”ndən xilas olan atam erməni əsirliyindən qurtula bilmədi...

XƏBƏRLƏR
  • Gözü yolda, qulağı səsdə yaşamaq çox ağır dərddir. Neçə il keçir-keçsin, nə qədər vaxt ötür-ötsün, gözləntin hasil olmayana qədər səksəkə içində olursan. Gözün yollardan yığılmır, qulağın həmişə səsdə olur...

İman Allahverdiyev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib və Xankəndidəki mebel fabrikində texniki nəzarət şöbəsinin rəisi işləyib. Ötən əsrin 80-ci illərinin axırlarında ailə həyatı qurub, bir-birinin ardınca Leyla, Günay və Aysel adlı qızları dünyaya gəlib. Elə həmin illərdə Xankəndidə azərbaycanlılar yaşayan məhəllələr yandırılandan sonra yaşadığı Xocalı şəhərində özünümüdafiə dəstəsinin fəal üzvlərindən olub. Sonralar isə ətraf rayonlara gedərək şəhərin ərzaq və yanacaq təchizat məsələləri ilə məşğul olub.

- Atam Savalan Abbasov İkinci Dünya müharibəsinin iştirakçısı idi. O, müharibənin gedişində almanlara əsir düşüb və 29 gündən sonra “ölüm düşərgəsindən” xilas olmuşdu. Lakin qəddar və qaniçən erməni quldurları 83 yaşlı atama ömrünün ixtiyar çağlarında rəhm etmədilər, - deyə Xocalı sakini İman Allahverdiyev ürək ağrısı ilə söhbət açır: “O, Dəhraz kəndinə doğru istiqamət götürüb. Onu axırıncı dəfə faciə gecəsi qaçıb-qurtulmağa çalışan şəhər sakinləri Kətik meşəsində görüblər. Şahidlər deyirlər ki, qoltuğundakı çörəyi hissələrə bölərək qarlı meşədə ağacların arasına sığınan ac-susuz sakinlərə paylayıb. Atam polis işçisi Şahin Haqverdiyevlə birlikdə gəlirmiş. İrəlidə bir dəstə adam onlara əl edərək Azərbaycanca “gəlin, gəlin” deyə çağırıb. Yaxınlaşanda onların erməni olduğunu başa düşüblər, Şahin gənc olduğundan özünü xəndəyə ataraq qaçmağa üz qoyub, quldurlar arxadan onu atəşə tutmağa başlayıblar. Lakin bu hadisədən sonra nə atamın, nə də Şahinin taleyindən heç bir xəbər olmadı.

Böyük bacım Çiçəyin Bakıda ovaxtkı Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almağına baxmayaraq yerli sakinlərə köməyə gələn nəvəsi Ülfət şəhid oldular. Bacım oğlu Əbülfət iki güllə yarası ilə Ağdama gəlib çıxsa da, onu həyatda saxlamaq mümkün olmadı. Elə həmin ağır günlərdə aldığı yaralardan həyatını itirdi. O biri bacım Göyçəyin həyat yoldaşı Mürşüd, qızı Heyran və qızının həyat yoldaşı Firdövsi iki uşaqla əsir düşüblər. Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biri də bacım Göyçəyin nəvəsi Mehdidir, onu ata babası İsa kişi özü ilə gətirmişdi. Dayım oğlu, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov partizan hərəkatında, döyüş əməliyyatlarında fəal iştirak edib. O, meşədən çıxıb Qarqarçayı keçmək istəyən sakinlərə, onların təhlükəli ərazidən uzaqlaşmasına kömək edib. Xocalı sakinlərinin meşə yolu ilə keçib gəlməsinə yardımçı olan igid döyüşçü həmin hadisələr vaxtı erməni gülləsinin qurbanı olub”.

İmanın həyat yoldaşı Aygünün ailə üzvləri də çox böyük məhrumiyyətlə üzləşiblər. Onun anası İzabella, qardaşları Sərvər, Sərdar və Zahir çox böyük çətinliklər hesabına Qarqarçayı adlayandan sonra qarlı və uzun yollar keçərək Ağdama yetişə biliblər. Qarqarçayı keçərkən Aygünün 10 yaşlı qardaşı Allahverdi çaya düşüb. Özündən iki yaş böyük qardaşı Sərvər onu kürəyinə alıb çayı keçirərkən ayağı sürüşüb, yaxınlıqda olanlar onları birtəhər suyun içindən çıxarsalar da, hər iksini don vurub. Sərvər çətinliklə də olsa, xilas olub. Lakin uşağı nə qədər şala bürüsələr də, Allahverdinin həyatını xilas etmək mümkün olmayıb. Dəfələrlə çaya girib çıxaraq sakinlərə kömək edən Zahidin də ayaqlarını don vurub və elə donvurma nəticəsində həlak olub. Aygünün atası Səttar Ağayevi və anasını ermənilər girov götürüblər. Bir neçə gün sonra anası İzabella azad edilsə də, atasının əsirlik həyatı 40 günə yaxın davam edib. Əsirlikdən azad ediləndən sonra Səttar kişi aldığı xəsarətlərdən uzun müddət müalicə olunub. Bir neçə il bundan əvvəl vəfat edib. Həmin dəhşətli günlərdə Zahirin də ayaqlarını don vurmuşdu və indiyə qədər o, bundan əziyyət çəkir.

Aradan 32 il keçsə də, Xocalı sakini İman Allahverdiyev baş verənləri dəhşətli bir yuxu kimi xatırlayır:

-Atamın taleyindən nigaranlıq məni rahat buraxmır. Xocalıda aşkar edilən kütləvi məzarlıq orada qətlə yetirilən kimlərinsə taleyinə aydınlıq gətirə bilər. Mən də, digər ailə üzvlərimiz də bu məqsədlə qan analizləri vermişik. Hesab edirəm ki, orada başqa məzarlıqlar da üzə çıxacaq. (AZƏRTAC)

Oxşar xəbərlər