Mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini bildirib, qazanılan böyük Qələbənin tarixi əhəmiyyətini vurğulayıb. Bu Qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyən icra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.
Mərasimdə çıxış edənlər ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib, şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar.
Şəhidlərin doğmaları övladlarının Vətənə sədaqətlə xidmət etdiyini, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə ürəklə yollandıqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. (AZƏRTAC)