Bir bacısı var. 1998-ci ildə Sumqayıt şəhər 9 saylı məktəbin birinci sinfinə daxil olub. Sumqayıt şəhər 4 saylı Texniki Peşə liseyində elektrik peşəsinə yiyələnib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-2019-ci illərdə avtomobil serviz mərkəzində rəngsaz, tikinti sahəsində usta kimi çalışıb. 2019-ci ilin iyul ayından Karbamid zavodunun Əmtəə və anbar sahəsində yükləyici işləyirdi.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsinə Aydın könüllü olaraq qatılmışdı. O, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşa rayonlarının işğaldan azad olunması uğrunda mərdliklə vuruşub. İgid döyüşçü Şuşada qanlı savaşda qolundan ağır yaralanıb. Noyabrın 7-də Bakı şəhərində hərbi hospitalda əməliyyat olunub, bir müddət "koma" vəziyyətində qalıb və həkimlərin səyinə baxmayaraq 2020-ci il noyabrın 27-də şəhid olub.
Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aydın Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Aydın Əliyev əməliyyatdan əvvəl ailəsi ilə görüşən zaman onlara demişdi ki, məndən nigaran olmayın, qolumu tez əməliyyat etsinlər, yenidən Şuşaya döyüşçü yolaşlarımın yanına qayıdacam və qələbəni orada qeyd edəcəyik. Uşaqları Nərimanla Salmanın üzündən öpüb qələbədən sonra onları Şuşaya aparacağını və vuruşduğu yerləri onlara göstərəcəyini də demişdi...
Aydın ailəsinə çox bağlı idi. Doğmalarının sözlərinə görə, hələ kimsəni incitməmişdi. Yaşının az olmasına baxmayaraq həyatda cox şeylər görmüşdü. Hələ kiçik yaşlarında ikən əmisi Əliyev Telman Salman oğlu və dayısı Tağıyev Saleh Şahniyar oğlu l Qarabağ müharibəsində şəhid olmuşdu. Bu onun xatirəsində daim canlanır və deyərdi ki, vaxt gələcək onların qanını düşmənlərdən alacam. Bəli, bu belə də oldu. Son dəfə yaralı halda zəng edəndə də "əmimin və dayımın qisasını aldım", - dedi.
Aydının saza-sözə çox həvəsi vardı. Şəhid olacağını sanki hiss etmişdi və bunu sonra tapılan onun bu şeir parçasından da hiss etmək olur...
Vəsiyyət edirəm mən ölən zaman
Gözümü bağlasın mehriban anam
Yuyulub kəfənə qoyulan zaman
Qoy onda mənim bacım ağlasın.
Soyuq məzarımı qoy Qurban qazsın (yəni ən istəkli əmisi)
Baş daşımı de, atam yazsın
Hamı dağılıb gedəndən sonra
Kənarda dayanıb “yarım” ağlasın.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD