08.09.2024, 07:53
AZ EN
08.01.2024, 12:33 245

İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafına daha bir dəstək

XƏBƏRLƏR

Regionlarda, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərən hotellərə, sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəştlər tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsində edilən dəyişikliyə görə müvafiq sahələrdə fəaliyyət göstərən subyektlər 2024-2026-cı illərdə hesablanmış daşınmaz əmlak vergisinin 75 faizindən azad edilir.

"Vətən səsi" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib. Onun sözlərinə görə, vergi güzəştlərinin əsas məqsədi regional turizmi dəstəkləmək, bu sahədə sabit vergi xərclərini optimallaşdırmaq, xüsusilə turzim potensialı böyük olan işğaldan azad edilmiş ərazilərdə həmin sektorun inkişafını stimullaşdırmaqdır: "Burada diqqət edilməli olan bir neçə mühüm məqam var. Bunlardan biri odur ki, güzəştlər müəssisələrin daşınmaz əmlakının yalnız hotel və sanatoriya xidmətlərinin təşkili məqsədi ilə istifadə edilən hissəsinə şamil edilir. Yəni sahibkar digər daşınmaz əmlaklarına görə vergilərini Məcəllənin müvafiq tələblərinə uyğun formada ödəməlidir. İkincisi, bu güzəştlər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla ölkənin digər bütün ərazilərinə şamil edilir. Digər bir mühüm məqam odur ki, güzəştlər müəssisənin yalnız fəaliyyət dövrünü əhatə edir".

Şöbə müdiri deyib ki, müvafiq güzəştlər, mülkiyyət növündən asılı olmayaraq, müəyyən edilən şərtlər daxilində bazarın bütün iştirakçılarına münasibətdə bərabərlik prinsipi əsasında tətbiq ediləcək. Digər regionlardan fərqli olaraq,  işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən də azaddırlar.

Xatırladaq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad olunmuş ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlər üzrə öz  biznesini qurmaq istəyən sahibkarlara müraciət edib. Bildirilir ki, işğaldan azad edilmiş əraziləriə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, həmin ərazilərdə  ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin bərpası planlaşdırılır. Prioritet istiqamətlər sırasına otel və restoranların təşkili də daxildir. KOBİA bunu nəzərə alaraq işğaldan azad olunmuş ərazilərdə otel, restoran, aptek, çörək bişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yük daşıma xidməti, mobil operator məntəqələri və inşaat malları mağazası qurmaq istəyən sahibkarlardan layihə təklifləri qəbul edir. Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsində maraqlı olan sahibkarlar aşağıda göstərilən sənədləri yanvarın 31-dək sahibkarqarabag@emlak.gov.az elektron poçt ünvanına göndərməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər