Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərəfindən ilin əvvəlindən bəri ümumi dəyəri 258 milyon 264 min 207 manat olan tenderlər elan edilib.
"Vətən səsi" xəbər verir ki, elan edilmiş tenderlər Ağdam, Xocavənd, Füzuli və Tərtər (Suqovuşan qəsəbəsi) rayonlarını əhatə edib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uyğun bərpa və yenidənqurma işlərinin həyata keçirilməsini, habelə müxtəlif xidmətlərin göstərilməsini nəzərdə tutan həmin tenderləri sayca ən çox udan şirkətlər "Ramco" QSC və "Nur-E.A." MMC şirkətləridir. Adı çəkilən şirkətlərin hər ikisi Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 2 tenderinin qalibi seçilib. Belə ki, 2010-cu ildə yaradılmış "Ramco" QSC-nin qalib gəldiyi tenderlərin dəyəri 2 684 076 manat, "Nur-E.A." MMC şirkətinin isə udduğu tenderlərin dəyəri 218 661 manat təşkil edir.
Digər şirkətlər isə Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən elan olunmuş cəmi 1 tenderlərin qalibi olub. Qaliblər arasında 2016-cı ildə yaradılmış “TVM İNŞAAT” MMC şirkəti 135 920 148 manat dəyərində olan tenderi udmaqla siyahıda birinci yerdədir. Bu sıralamada növbəti yerləri 1995-ci ildə yaradılmış “Şəms-95” MMC, 1994-cü ildə yaradılmış “6-Cı Mərtəbə” Müstəqil Şirkəti, 1996-cı ildən fəaliyyətə başlamış “El-Seym İnşaat” QSC tutur.
Elxan SALAHOV