09.06.2025, 15:38
AZ EN
04.12.2023, 13:52 368

Ermənilər Xankəndi İnstitutunu daşnak yuvasına necə çevirmişdilər...

XƏBƏRLƏR
  • Xankəndində institut sovet dönəmindən fəaliyyət göstərib. Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılıb. 1973-cü ildən 88-ci ilə qədər isə müstəqil ali təhsil  müəsissəsi olub.

İllər öncə Xankəndidən zorla çıxarıldıq. Arzularımızla yanaşı təhsilimiz də yarımçıq qaldı. Amma bu gün Xankəniyə təhsilimizi də qaytarırıq. Doğma şəhərimizdə Qarabağ Universiteti təsis ediləcək. Bir qədər geriyə, ötən əsrin 80-ci illərinə qayıdaq: ermənilər təxribatlarına elə Xankəndi Pedaqoji İnstitutunda yaratdıqları xaousla zəmin hazırladılar.

Xankəndlilər İTV-nin  hazırladığı sujetdə elə bu barədə söz açırlar.

Xankəndi Pedaqoji İnstitutunun kafedra müdiri, Həmdulla Aslanov:

-Ermənilər ümumiyyətlə, orda Azərbaycan şöbəsinin olmasını qısqanclıqla  qarşılamışdılar. Bu, təbii ki, strateji bir məsələ idi. Azərbaycanlılar, yüzə yaxın müəllim olanda onun ailəsi, uşaqları, tələbələrin tərkibini dəyişirdi. Son illərdə azərbaycanlıların sayı xeyli artmışdı.

Ermənilərin dili Heydər Əliyev politbürodan uzaqlaşdırılandan sonra çıxdı. Onlar fəallaşmağa başladı. Artıq bizim institutu dövrəyə, əhatəyə almağa başladılar.  “Türklər burdan rədd olsun” şüarları ilə çıxış edirdilər. Vəziyyət çox gərginləşdi.  Demək olar ki, artıq işləmək mümkün deyildi.

Qeyd edək ki, Xankəndi Pedaqoji İnstitutunun bölgə üçün önəmi böyük idi. Bu təhsil ocağı Qarabağın və ətraf rayonların gənclərinin  təhsilə yiyələnməsində xüsusi rol oynayırdı. Lakin institutun rəhbər şəxsləri adətən  ermənilərdən seçilirdi. Onlar isə öz millətçi fikirlərini azərbaycanlı tələbələrə də yeritməyə çalışırdılar.

Xankəndi Pedaqoji İnstitutunun məzunu, Məfkurə Abışova:

-Bir gün məni universitetin rektoru, əgər rektor demək olardısa, yanına çağırdı.

Xalatryan familyalı biri idi. Heç kəs bilmirdi ki, onu kim təyin edib, o hardan, necə gəlib. Çox kobud, savadsız,  danışıq mədəniyyəti, nitq mədəniyyəti olmayan  biri məni çağırdı dedi ki, sən azərbaycan ədəbiyyatında Ermənistan mövzusunu işləmisən.  Nə badə erməni ədəbiyyatında Azərbaycan mövzusu işləyəsən.

Funksiyası gənclərə bilik və  bacarıq öyrətmək olan ali təhsil ocağı artıq öz məqsədlərindən kənara çıxmağa başladı. Ermənilər İnstitutu daşnaq yuvasına çevirdilər.

Xankəndi Pedaqoji İnstitutunun keçmiş rektoru,  Raquf Kərimov:

-Saat 5 olanda gördük ki, bir nəfər erməni gəldi çıxdı tribunaya.  Başladı danışmağa “miatsum, miatsum”. İkinci bir erməni gəldi, o da nəsə öz dillərində danışdı, heç nə başa düşmədik. 5 dəqiqədən sonra üçüncü erməni də gəldi. Artıq o  da danışandan sonra binaların arxasında gizlənən, deməli, əvvəlcədən təşkil olunmuş insanlar ora çıxdı, artıq orda mitinq başladı. Elə həmin gündən də bizim Dağlıq Qarabağın qara günləri başladı.

Həmin illərdə institutun prorektoru Nəcəf Quliyev ermənilərin son təxribatlarından sonra burda qalmayacağını deyir və burada məhz azərbaycanlı pedaqoqoun rektor seçilməsinə çalışır.

Raquf Kərimov danışır ki, Nəcəf müəllim mənə dedi ki, mənim kabinetimə gedək və bildirdi ki, gələcəkdə buranın rektoru sən olacaqsan. Mən də yuxarı təşkilatlarda sənin namizədliyini irəli sürəcəm. Bir müddət sonra nazirlikdən Kradkov zəng elədi, gəldi mənimlə görüşdü və dedi ki, biz belə qərara gəlmişik ki, institutun müvəqqəti rəhbəri sən olasan. Ondan sonra mən müvəqqəti rektor oldum. Biz Ağdama gəlməli olduq...

Xankəndi Pedaqoji İnstitutundan yolu keçmiş bu insanlar Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılacağına çox sevinirlər.

Məfkurə Abışova deyir ki, sərəncamı oxudum, çox sevindim. Çünki elə bildim gəncliyim geri gəldi, tələbəliyimi yaşadım. Çox şükür deyirəm. Eyni zamanda dövlətimizin başçısına  təşəkkür və minnətdarlığımı bilrirəm.

Həmdulla Aslanov isə qeyd edir ki, 70 illik yubileyimlə bağlı bir çəkiliş olmuşdu orda  müxbir mənə axırıncı bir sual vermişdi ki, sizin ən böyük arzunuz nədir?

-Demişdim ki,  mənim ən böyük arzum  Xankəndinin, Qarabağın tam azad olunması, orda bizim universitetimizin açılması və mənim orda bir sadə müəllim kimi fəaliyyət göstərməyimdir. Şükürlər olsun ki, Allah bizim bu səsimizi eşitdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər