Azərbaycan ordusunun əsgəri Cavid Əliyev 2020 - ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə mərdliklə savaşaraq şücaətlər göstərib. 2020- ci il noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə yaralı komandirini xilas edərkən qəhramancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və el məhəbbti ilə 2020- ci il noyabrın 6-da Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevinin səncamlarına əsasən Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cavid yaşının az olmasına baxmayaraq torpaqlarımız uğrunda gedən qanlı savaşlarda əsl qəhrəmanlıq nümunəsi göstərib. Döyüş yoldaşları deyir ki, Cavid düşmən tankını külə döndərirdi.
Şəhidimizin anası da qürurla danışır. Deyir ki, Cavid heç vaxt ön cəbhədə olduğunu bizə demirdi. Amma söyləyirdi ki, Gəncəmizin heyifini alırıq, düşməni darmadağın edirik.
Bu gün ana övladı ilə qürur duyur. Deyir ki, mənim balam qəhrəmandır!
Anam da qürurludur,
Adım Vətənlə təndir.
Mənim ilk beşiyim də,
Məzarım da Vətəndir!
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Cavid balamız!
Mina RƏŞİD