19.04.2025, 04:16
AZ EN
09.06.2023, 09:03 399

Xəyal dörd bacının yeganə qardaşı idi...

XƏBƏRLƏR
  • Xəyal Rahil oğlu Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində sadə bir ailədə dünyaya göz ıb. 1999-cu ildə şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək əmək fəaliyyətinə başlayıb.

O, 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidmətdə olduğu müddətdə Xəyal nizam-intizamına görə komandanlıq tərəfindən fəxri fərmanlar, təşəkkürnamələrlə mükafatlandırılıb. 2012-ci ildə hərbi xidmətini başa vurub. Doğma kəndlərinə qayıdan Xəyal fərdi təsərrüfatlarında çalışmağa başlayıb. Sakit xarakteri, səmimi davranışı onu hər kəsin sevimlisinə çevirmişdi. O, saf ürəkli, olduqca xeyirxah bir insan idi. Xəyalın qəlbində valideynlərinə, doğma el-obasına qarşı xüsusi bir sevgi, məhəbbət var idi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində bütün mərd oğullar kimi Xəyal da torpaqlarımızın azad edilməsi üçün döyüşlərə qatıldı. Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə igidliklə vuruşdu. 2020-ci il oktyabrın 7-də Cəbrayıl rayonu uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucaldı.

Şəhidimizin atası Rahil Rəhimov deyir ki, Xəyal ailəmizdə böyüyən 5 uşaqdan biri, 4 bacının yeganə qardaşı və ailəmizin son beşiyi idi. “O, mənim, həm arxa-dayağım, əlimdən tutanım, təsəlli yerim idi. Xəyalın ağıllı, ailəcanlı olması aramızda qırılmaz bir bağ -möhkəm dostluq münasibəti yaratmışdı. Oğlumun döyüş yoldaşlarının dediyinə görə, o Vətən uğrunda cəsarətlə vuruşub və üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində Xəyalın da xidmətləri var. Onun yoxluğuna inanmıram və bu gün də, səbrsizliklə yolunu gözləyirəm. Xəyalın yoxluğu ilə ailəmiz sanki bütün xoşbəxtliyini itirdi... Amma təsəllimiz odur ki, övladımız Vətən uğrunda şəhid olub və torpaqlarımız işğaldan azad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”

Ölümündən sonra Xəyal Rəhimli Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Bu gün qəhrəman Vətən oğlunun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR