Doğma Laçınına qovuşan Ərşad Hüseynov deyir ki, şükürlər olsun, 3 ildir 18 mayı Laçında da və əvvəlki kimi dərin kədər olmadan yad edirik və əlavə edir ki, lakin bu tarixi, eləcə də 26 fevralı, 2 apreli, 8 mayı və başqa bu kimi günləri heç vaxt unutmamalıyıq. Çünki həmin tarixlər bizim üçün minlərlə şəhid, külə döndərilmiş, talan edilmiş yurdlar, dövlətimizə və xalqımıza vurulmuş on milyardlarla maddi ziyan, əlimizdən alınmış gəncliyimiz və s. ağır itkilər deməkdir: "Bütün bunları nəinki unutmamalıyıq, hətta əksinə, həm döyüş meydanında, həm hüquqi-siyasi müstəvidə, həm də yurdlarımızı cənnət məkana çevirib düşmənə göz dağı verməyimizlə bunun qisasını almaqda davam etməliyik. Əminəm ki, Xalqımızın iradəsi, Dövlətimizin qüdrəti, Ali Baş Komandanımızın qətiyyətli addımı və Ordumuzun şücaəti sayəsində belə də olacaq.
Allah bütün şəhidlərimizin ruhunu daim şad etsin.
Xalqımız, Dövlətimiz və Ordumuz var olsun!", -deyə o bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ
Laçın şəhərinin Hocaz yolundan axşam görüntüsü