12.12.2025, 21:22
AZ EN
14.05.2023, 10:19 352

Qərbi azərbaycanlılar da böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb, orda yaşayacaqlar

XƏBƏRLƏR
  • Ermənilər xalqımızı son iki yüz ildə ağlasızmaz qəddarlıqla soyqırımı, etnik təmizləmə və deportasiyaya məruz qoyublar. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib. Hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Mayın 10-da Şuşada xalqa müraciət edən dövlətimizin başçısı bu məqama diqqət çəkərək bildirib ki, əhalisinin 99,9 faizi ermənilərdən ibarət olan Ermənistan faktirki olaraq öz faşist siyasətini göstərir. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, o cümlədən məscidlər və  qəbiristanlıqların dağıdılması ermənilərin xislətindən xəbər verir.

1988-1989-cu illərdə Qərbi Azərbayacnda soydaşlarımız iş yerlərinə, uşaqları isə məktəblərə buraxılmırdı. Dükan-bazarda onlara ərzaq satılmır, işıqları, suyu, qazı tez-tez kəsilirdi.

Basarkeçər rayonunun  Daşkənd kənd sakini 62 yaşlı Vaqif Bayramov da  bu mənəvi, psixoloji terrorun  qurbanlarındandır. Ayaqyalın, başıaçıq,  qışın şaxtasında, qarında  dağlara, meşələrə üz tutan  Vaqif kişi o dəhşətli günləri  ürək ağrısıyla yada salaraq bildirib ki, bizə ismarışlar göndərirdilər ki, çıxmasanız, sizi yandıracağıq. Bəzi rayonların bir neçə kəndində də belə hadisələr olmuşdu. Bəzi rayonlarda uşaqları turbalara doldurub yandırdılar.

Baş verənlər doğma el-obasından çıxarkən  ağrılı, çətin anlar yaşayan  Çəmbərək (Qaraqoyunlu) rayonunun Yanıqpəyə kənd sakini Ələsgər Xəlilovun da həyatında erməni vəhşiliyi  acı izlər buraxıb. Hazırda 65-i haqlayan Ələsgər Xəlilov doğma ata-baba yurdundan qovulanda cəmi 21 yaşı olub. O günlərin acı xatirələrini yada salan Ələsgər Xəlilov deyib ki, axırda yollar bağlandı. Dilican-İcevan rayonuna hücum elədilər.  Bizdə qonşu kənd vardı, Polad kəndi, Polad, Alaçıqqaya, Salah, o biri tərəfdən Göyçə mahalı çıxdı. Əhali Göyçə mahalından çəkiləndən sonra biz məcburiyyət qarşısında Gədəbəy tərəfdən Azərbaycana keçdik. Çünki hər tərəfdən ermənilərlə mühasirədə qalmışdıq.   

Xatırladaq ki, Ələsgər Xəlilov Ağdamda Allahverdi Bağırovun  dəstəsinə qoşulub  düşmənə  qarşı döyüşüb. 

Qərbi Azərbaycandan olan, hazırda müxtəlif rayonlarda özlərinə sığınacaq tapan bu şəxslərin gələcəyə ümidi Vətən müharibəsindən sonra daha da artıb. İndi onlar əmindirlər ki, yenidən Qaraqoyunlunun, Göyçənin, Zəngəzurun və digər torpaqların  sərin sularından içib,  sıx meşələrində gəzəcəkləri gün elə də uzaq deyil.

Ələsgər Xəlilov deyir ki, mən bütün Qərbi Azərbaycanı, Zəngəzuru, Dərələyəzi, Göyçə mahalını, Qaraqoyunlu dərəsini, hamısının Azərbaycana qayıtmasına inanıram. Bu barədə Ali Baş komandanımız da  öz sösünü deyib. Biz dədə-baba yurdumuza qayıtmalıyıq.  Vaqif Bayramov isə deyib ki, biz burda heç bir pislik görməmişik. Amma doğulduğun Vətən tamam başqa şeydi, günü bu gün desələr ailəliklə gedərik. Bizim yerlərimiz çox gözəl idi, təbiəti zəngin idi.

Gün gələcək, işğaldan azad edilən ərazilərimizə köç edən digər sakinlərimiz kimi Qərbi azərbaycanlılar da böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb, orda yaşayacaqlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər