Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib.
Nazir müavini bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək. Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan qarşıdakı illər üçün əsas məqsədlərimizdən biri də məhz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır.
“Eyni zamanda aqrobiznes sahəsində torpaq sahələrindən və su resurslarından effektiv istifadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlədən aqrar sektorda emalın dərinləşməsi, ixrac imkanlarının artırılması və yeni ixrac kanallarının tapılması, müasir texnologiyaların tətbiqi və elmi yanaşma, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə, klasterləşmənin tətbiqi, fermerlərin, sahibkarların maarifləndirilməsi işinin daha da genişləndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinin təmin olunması əsas çağırışlardan hesab olunur. Qeyd olunan çağırışlara əsasən, dövlət başçısının müvafiq tapşırıqlarına uyğun aqrar sahənin dəstəklənməsi istiqamətində silsilə tədbir və islahatlar həyata keçirilməkdədir. Belə ki, aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır. Ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və güzəştli kredit mexanizmləri mövcuddur”, - deyə o əlavə edib. (AZƏRTAC)