Bu barədə COP29-un prezidenti Muxtar Babayevin COP iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.
"İqlim dəyişikliyi bir çoxları üçün dağıdıcı nəticələrlə qlobal inkişafda onilliklər ərzində əldə edilmiş irəliləyişə xələl gətirməklə hədələyir, iqlimlə bağlı tədbirlər isə hamı üçün daha yaxşı gələcək vəd edir. Artan geosiyasi gərginlik və beynəlxalq mühitdə qeyri-müəyyənlik bizi əsrin ən böyük transmilli çağırışı kimi iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və həll etmək imperativindən yayındırmamalıdır. Biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində prosesi konsensusa yönəltmək üçün səylərimizi əsirgəməyəcəyik.
Biz COP29-u şəffaf, qərəzsiz, inklüziv və tərəflərə əsaslanan şəkildə təqdim etməyə sadiqik. COP29 Rəyasət Heyətinin məsləhətləşmələri ərzində biz ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək üçün iki paralel sütuna əsaslanan vizyonumuzu təqdim etmişik və iqlim maliyyəsi bizim başlıca prioritetimizdir.
Bu sütunlar bir-birini gücləndirir - hər birində irəliləyiş digərini dəstəkləmək üçün güclü siqnal göndərir. Əsas mandatların və fəaliyyətin müvəffəqiyyətlə çatdırılması inam, həmrəylik yaratmaq üçün vacib olacaq", - deyə M.Babayev bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. (Trend)