“Vətən səsi” xəbər verir ki, tenderin qalibi “Qarabağ Təmir-Tikinti” MMC (VÖEN: 3201104781) olub. Tenderin nəticələrinə uyğun olaraq şirkət öhdəsinə götürdüyü işlərin icrasına 119 min 979 manat sərf edəcək.
Tenderdə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Daş evlər” adlanan ərazidə məskunlaşmış məcburi köçkünlərin yaşayış evlərinin təmir olunması nəzərdə tutulur.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra Quzanlı kəndi uzun müddət cəbhə bölgəsində yerləşib. Ağdam şəhərinin işğalından sonra yüzlərlə məcburi köçkün ailəsi müvəqqəti olaraq burada məskunlaşıb. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli qərarı ilə Ağdam rayonunun Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilib. Bundan sonra Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edib.
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Ağdam rayonu ərazisində 632 evdən ibarət yeni qəsəbədə salınıb. Ümumi sahəsi 70 hektar olan ərazidə fərdi evlərlə yanaşı 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və poçt binası inşa edilib. Hazırda Quzanlı qəsəbəsində 18 min nəfər yaşayır.
Elxan SALAHOV