20.04.2025, 06:57
AZ EN
06.04.2023, 21:30 322

Hikmət Babaoğlu: İranın Azərbaycanda yaratdığı terrorçu şəbəkə ifşa olunduqca daha da aqressivləşir

XƏBƏRLƏR
  • “İranın Azərbaycanda yaratdığı terrorçu şəbəkə ifşa olunduqca bu ölkə Azərbaycana qarşı daha da aqressivləşir”.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, xüsusi dövlət qurumlarımızın həyata keçirdiyi əməliyyatlar nəticəsində aydın olur ki, İran səfirliyinin 4 əməkdaşı bu və ya digər formada milli təhlükəsizliyimizə qarşı gizli fəaliyyətlə məşğul olublar: "Artıq Xarici işlər Nazirliyimiz tərəfindən həmin əməkdaşlar persona non-qrata elan olunub, ölkəni tərk etmələri tələb edilib. Bu, onun göstəricisidir ki, İran beynəlxalq hüquqa və Diplomatik Fəaliyyət Haqqında Venesiya Konvensiyasının tələblərinə belə məhəl qoymadan öz diplomatlarını qonşu ölkəyə qarşı cinayətə sövq edib. Bütün bunlar İranın gücünün yox, acizliyinin göstəricisidir. Məsələ ondadır ki, İslam dünyasında böyük nüfuza sahib olan, İslam mədəniyyəti ilə Qərb sivilizasiyası arasında körpü rolunu oynayan, İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Xarici siyasət idarələrinin toplantısına Aİ-yə üzv olan ölkələrin də diplomatlarını dəvət edərək iki sivilizasiyanın dialoquna nail olan Azərbaycana qarşı İranın terrorçu davranışları bu ölkəni bütün müsəlman ölkələrində də gözdən salır”.

Komitə sədrinin müavini qeyd edib ki, müsəlman dini mirasını barbarcasına məhv edən Ermənistanı İranın daima müdafiə etməsi, onun İslama qarşı cinayətlərinə bəraət qazandırması, hətta bəzən bu cinayətlərdə ermənilərlə birlikdə iştirak etməsi bütün müsəlman ölkələrində bilinən həqiqətdir: “Elə bu həqiqətlər də İslam ölkələrinin İrana mənfi münasibətinin formalaşmasına gətirib çıxarır. Bundan təşvişə düşən İran indi ayılıb və Ərəb Liqası ölkələri ilə münasibətlərini düzəltmək üçün yalvararaq vasitəçilər axtarır. Halbuki Yəməndə, İraqda, Suriyada yüz minlərlə müsəlmanın qanının tökülməsi və bunun məsuliyyətinin kimin üzərində olması hamıya bəllidir. Belə olanda birdən-birə İranın Fələstini müdafiə etməsi sadəcə, acı ironiya doğurur. Çünki bu, İrana sadəcə Yaxın Şərqdə öz imperialist mövqeyini möhkəmləndirmək üçün lazımdır. Azərbaycan isə tam əksinə, həmişə bütün platformalarda Fələstinin haqlı davasında onun yanında olub. Hətta bu vaxta qədər İsraildə çoxsaylı müsəlman və ərəb ölkələrinin səfirliyi olmasına baxmayaraq Azərbaycanın bu addımı çox gec atması İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir də göstərib. Halbuki xalqımızın taleyinin həll edildiyi Vətən müharibəsində İsrail Azərbaycan dəstək verib. Tam əksinə, İran isə erməni terrorunu və işğalını bütün vasitələrlə birbaşa dəstəkləyib və bu gün də Ermənistana görə Azərbaycanla münasibətləri belə gərgin vəziyyətə gətirib. Bunu İranda yaşayan soydaşlarımız və məzhəbdaşlarımız da yaxşı görür və İslam düşməni olan Ermənistanı dəstəklədiyinə görə bir gün İran mollakratiyasından hesab soruşacaqlar”.("APA")

Oxşar xəbərlər