08.06.2025, 23:19
AZ EN
11.02.2022, 18:25 256

Azərbaycanın yaratdığı geosiyasi reallığı Avropada anlamağa və qəbul etməyə başlayıblar

XƏBƏRLƏR

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib və 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb.  Əvvəlcədən müəyyən edilmiş gündəliyə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər müzakirələrin əsas mövzusu olub.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

Siyasi ekspertlər Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin birgə onlayn görüşünü Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi dəyərləndiriblər. Görüş çərçivəsində müzakirə edilən məsələləri, tərəflərin yekun bəyanatlarını təhlil edən siyasi ekspert Elşən Məcidov deyib: “Aİ Şurasının Prezidenti Ş.Mişel və Fransa Prezidenti E. Makronun görüşün yekunlarına dair dərc etdikləri birgə Bəyanatdan bəlli olur ki, görüşün əsas məqsədi Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında Qərbin oynadığı rolu artırmaqdır. Bəyanatda tərəflərin münasibətlərinin normallaşdırılmasında əldə edilən irəliləyiş əksini tapsa da, onun əsası qismində Rusiya tərəfindən təşkil olunan görüşlər və sənədlər deyil, Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən Brüssel görüşü qeyd olunub”.

Siyasi ekspert bildirib ki, müşahidə etdiyimiz kimi, Rusiya ilə qlobal miqyasda gedən rəqabət Qərbi Cənubi Qafqaz kimi vacib regionda da güclü mövqelərə sahiblənməyə sövq edir. Lakin həm Aİ, həm də Fransa anlayır ki, regionda güclü mövqelərə malik olmaq üçün Cənubi Qafqazın lideri olan Azərbaycanın milli maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən biz bəyanatda “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk qrupu” kimi ifadələrə rast gəlmirik. Həm Aİ, həm də Fransa bu ifadələrin Azərbaycan tərəfindən nə dərəcədə mənfi qarşılandığını yaxşı dərk edir. Azərbaycanın ərazi inzibati quruluşuna dair son qərara əsasən, azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur adlı iqtisadi zonalara bölünüb. Dövlətin rəsmi mövqeyi və sadə həqiqət bundan ibarətdir ki, münaqişə Azərbaycanın Qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə yekunlaşıb. Post-münaqişə dövründə tərəflər arasında davamlı sülh quruculuğunda maraqlı olan bütün qüvvələrlə Azərbaycan əməkdaşlıq etməyə hazırdır. Birgə Bəyanatda Fransa və Aİ “regionda gərginliyin azalması və etibarın möhkəmlənməsi istiqamətində səylərə dəstək” ifadə edəcəklərini bildirirlər. “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk qrupu” kimi ifadələrin olmadığı şəraitdə bu cümlənin postmünaqişə dövründə münasibətlərin normallaşdırmasını özündə ehtiva etdiyi bəlli olur. Beləliklə, görünən odur ki, Aİ və Fransa Azərbaycan tərəfindən yaradılan geosiyasi reallığı anlamağa və qəbul etməyə başlayıblar.

“Cari qlobal və regional proseslər kontekstində Azərbaycanın güclənmiş mövqeyini yaxşı anlayan dövlətimizin başçısı görüş zamanı ölkəmizin gündəliyini digər tərəflərə qəbul etdirmək yanaşmasını seçdi. Prezident İlham Əliyev çıxışı zamanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin dəqiqləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi kimi humanitar məsələlərlə yanaşı, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirdi. Burada aparıcı ifadə “nəqliyyat dəhlizi”dir. Biz isə bilirik ki, Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması kontekstində aktual olan yeganə nəqliyyat dəhlizi Zəngəzur dəhlizidir. Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinə istinad etməsi Azərbaycanın 10 noyabr Bəyanatındakı bütün müddəalar üzrə maraqlarını təmin etməyə çalışdığını nümayiş etdirir”, - deyə E. Məcidov diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ermənistan daxili auditoriyanı sakitləşdirmək üçün dezinformasiya yayaraq bildirir ki, guya Aİ nəqliyyat-kommunikasiya xətlərinin hər iki ölkənin suverenliyinin tam təmin olunması şərti ilə açılmasını vacib sayır. Ermənistanın əsassız iddialarına rəğmən, Fransa və Aİ-nin birgə Bəyanatında bu barədə heç bir cümlə və ya ifadə yoxdur. Ermənistanın dedikləri gerçəkliyə uyğun olsaydı, ənənəvi olaraq Ermənistanı dəstəkləyən və qarşıdan gələn prezident seçkiləri səbəbindən erməni diasporunun dəstəyinə ehtiyac duyan Fransa Prezidenti bu məsələni birgə Bəyanatda və ya ayrıca bəyanatda vurğulamalı idi. Bunun baş verməməsi isə Qərbin bu məsələdə Ermənistanı dəstəkləmədiyini təcəssüm etdirərək, Zəngəzur dəhlizinin yaxın və orta perspektivdə reallaşacağına daha bir arqument əlavə edir.

Milli Məclisin deputatı,Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanovun fikrincə isə, videoformatda keçirilən görüşdən Avropa İttifaqının yaydığı bəyanat bütün proseslərin ölkəmizin maraqlarına uyğun olmasından xəbər verir. Bu isə Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən qətiyyətli siyasəti nəticəsində mümkün olub. Deputatın sözlərinə görə, bəyanatda Minsk qrupuna heç bir istinadın olmaması Vətən müharibəsində qazandığımız parlaq Zəfərin yaratdığı yeni reallıqların təzahürüdür. Bu, eyni zamanda, Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinin əsas götürülməsindən irəli gəlir. Bundan əlavə, bəyanatda “Dağlıq Qarabağ” münaqişəsi, hətta “Qarabağ” ifadəsinin işlədilməməsi Azərbaycanın yaratdığı reallıqların qəbul edilməsinin bariz nümunəsidir. Buradan bir daha şahid oluruq ki, Qarabağ mövzusu tamamilə gündəlikdən çıxarılıb və Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu reallığı qəbul edir. Bu görüşdə isə Fransa həmsədr deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi.

Üçtərəfli görüşün Brüsseldə təsbit edilmiş uğurlu sülh gündəliyinin davamı olduğunu qeyd edən C.Osmanov bildirib ki, bu gündəliyin əsasını iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər təşkil edir.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ən əsas məsələlərdən biridir. Təbii ki, münasibətlərin normallaşması digər məsələlərin də həllində mühüm rol oynayacaq. Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə rəğmən, sülhdə maraqlıdır. İki ölkə arasında həllini gözləyən humanitar məsələlər də var ki, bunun üçün Ermənistan öz siyasətində ciddi dəyişikliklər etməli və etimad quruculuğu təşəbbüslərində maraqlı olmalıdır. Ölkəmiz Ermənistanın təcavüzkar siyasətindən həm 30 illik işğal dövründə, həm də münaqişə bitdikdən sonra əziyyət çəkməkdədir. Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olaraq bu gün Azərbaycan mina problemi ilə üz-üzə qalıb və bunun nəticəsində in-sanlar həyatlarını itirirlər”, - deyə C.Osmanov qeyd edib.

Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində Azərbaycanın 36 vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını diqqətə çatdıran deputat vurğulayıb ki, minaların təmizlənməsi üçün ölkəmizə yardım göstərilməli, Ermənistanın mina terrorunun qarşısı qısa zamanda alınmalıdır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması görüşdə Prezident İlham Əliyevin gündəmə gətirdiyi əsas məsələlərdən biridir. Ermənistan tərəfinin yerinə yetirməli bir çox öhdəliklər var ki, bunlardan biri də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsidir. Kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməlidir.

Onun sözlərinə görə, bu öhdəliklərin yerinə yetirilməsi etimad quruculuğuna gətirib çıxara bilər. Bütün bunlarla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası da həyata keçirilməlidir. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə tam hazırdır. Məhz bundan sonra sülh sazişi üzrə danışıqlara başlamaq olar və ölkəmiz dəfələrlə bu təşəbbüslə çıxış edib.

Cavid Osmanov bildirib ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün sülh, eyni zamanda, kommunikasiyaların - dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması təşəbbüslərində maraqlı olmalıdır.

Bununla belə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi erməni əsilli 8 hərbi qulluqçunun qaytarılması müqabilində Birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə rəsmi Yerevanın öz üzərinə öhdəlik götürmədiyi barədə açıqlama verib. Azərbaycan Res-publikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdini beynəlxalq humanitar hüququn normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirib.

Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş açıqlamada, həmçinin qeyd olunub: “Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları, bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşlarının və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur.

Bir daha vurğulamaq istərdik ki, bu il fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub. Bununla əlaqədar, Azərbaycan Prezidenti tərəfindən Birinci Ermənistan-Azərbay-can müharibəsi zamanı itkin düşmüş 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumatın verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb, bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olunub. İtkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib.

Azərbaycanın tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 2022-ci il fevralın 4-də videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.

Bu müstəvidə humanizm prinsipinə sadiq qalan Azərbaycan Respublikası tərəfindən müvafiq hüquqi prosedurlar bitdikdən sonra Ermənistan tərəfinə təhvil verilən hərbi qulluqçuların yenə Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurur.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək Birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq.

Qeyd olunmalıdır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNK nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılıb.

Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər”.

Oxşar xəbərlər