Bununla bağlı danışan Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, Ermənistan törətdiyi təxribatlarlarla həddini çoxdan aşıb:"Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman danışıqlar prosesini uzatmaq üçün bu cür təxribatlara əl atır. Biz bu ssenarini 30 il ərzində çox görmüşük. Hazırda da eyni proses davam edir. Ermənistan heç vaxt qəbul edilən qərarlara və atəşkəsə əməl etməyib.
İkinci əsas məsələ isə Rusiya sülhməramlıların olduğu ərazilərdə hələ də qanunsuz erməni silahlı dəstələrinin qalmasıdır. Bu, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyannaməyə tamamilə ziddir. Hazırda Rusiya sülhməramlıların olduğu ərazilərdə erməni terrorçuları rahat şəkildə hərəkət edir. Keçən bu illər ərzində Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaması haqlı olaraq bizdə onların da terrorçularla əlbir olması şübhəsini yaradır".
Millət vəkili vurğulayıb ki, Ermənistan yaxşı olardı ki, bizim səbrimizi daşırmaq əvəzinə cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asın: "Bu təxribatlar Ermənistanı uçuruma aparır. Bəzi qüvvələr çalışırlar ki, regionda vəziyyəti yenidən gərginləşdirsinlər. Onlar Paşinyana müxtəlif vədlər verərək sülh müqaviləsini imzalamasına maneə olmağa çalışırlar. Ermənistan və havadarları unutmasınlar ki, "dəmir yumruq" yerindədir. Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur. Erməni terrorçuları təxribatlarına davam edərsə "dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər",-deyə deputat vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ