09.06.2025, 09:15
AZ EN
27.12.2022, 16:17 466

İlqar Vəlizadə: “Vardanyan Azərbaycana təhdid törədərsə, onu zərərsizləşdirmək lazım olacaq”

XƏBƏRLƏR
  • “Sank-Peterburqda MDB dövlət başçıları arasında sammit öncəsi Xankəndində belə bir aksiyanın keçirilməsinin heç bir əhəmiyyəti yoxdur”. Bunu “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiya vətəndaşlığından çıxarılan Vardanyan rəsmi Bakının hüqiqi-siyasi müstəvidə neytrallaşdırılması ilə bağlı atacağı addımlara Moskva mane olmamalıdır: “Bu görüşdən qabaq Moskvada Azərbaycan və Rusiya Xarici işlər nazirlərinin görüşü olub. O görüşlər ərəfəsində bu cür aksiyaların keçirilməsi və görüşlərə təsir etmək üçün belə bir addım atmaqlarının heç bir əhəmiyyəti yoxdur. Ona görə də mən düşünmürəm ki,  bu aksiyalar məhz buna hesablanıb”.

İlqar Vəlizadə daha sonra vurğulayıb ki,  Azərbaycan həm real addımlarla, həm gördüyü işlərlə və verdiyi bəyanatlarla onu göstərir ki, Vardanyan bir layihə kimi kimin tərəfində olursa-olsun Azərbaycan üçün maneə ola bilməz və əgər Rusiya burada doğrudan da Ruben Vardanyanı layihə kimi qəbul edərsə, o zaman yaranmış vəziyyət Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirəcək. Bu da Rusiyanın xeyrinə olmayacaq: “Düşünürəm ki,  Rusiya bunu anlayır. Lavrovun “Rusiya prezidenti Ruben Vardanyanın vətəndaşlıqdan çıxmasını təsdiqləyib” açıqlaması ondan xəbər verir ki, Rusiya ümumiyyətlə, Vardanyanla adının hallanmasını istəmir. O ki, qaldı onların Vardanyan layihəsi indən belə hansı istiqamətdə fəaliyyət göstərək məsələsinə, bunu dəqiq demək çətindir. Lakin bütün hallarda görünən odur ki, əgər Azərbaycan tərəfi Vardanyanla bağlı hüquqi-siyasi müstəvidə onun neytrallaşdırılması ilə bağlı hansı işləri görsə, hər halda Rusiya rəsmi olaraq buna mane olmamalıdır.

“Doğrudan da Vardanyanın real olaraq regionda hansısa proseslərə istiqamət verib-verməyəcəyini qarşıda baş verə biləcək hadisələr göstərəcək. Separatçıların başına rəhbər kimi gətirilməyə çalışılan bu şəxs regionda destruktiv element kimi qalır. Azərbaycan üçün isə əsas odur ki, bu destruktiv elementi aradan götürsün. Burada yenə də daha çox siyasi-hüquqi metodlardan söhbət gedir”-, deyə politoloqlar qrupunun rəhbəri bildirib.

İ.Vəlizadə daha sonra əlavə edib ki, amma əgər Vardanyan əməllərdə Azərbaycana təhdid törədərsə, o zaman onu digər metodlardan da istifadə edərək zərərsizləşdirmək lazım olacaq: “Mahiyyət etibari ilə o terrorçudur və hərb yolla Azərbaycana təzyiq göstərmək niyyətindədir”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər