Ombudsman Aparatından bildirilib ki, “İqlim dəyişikliyi və insan hüquqları kontekstində qida hüququ” mövzusunda məruzə ilə çıxış edən S.Əliyeva ilk növbədə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması məsələsinin son illər ciddi tədqiqat predmetinə çevrildiyini vurğulayıb. Eyni zamanda bildirib ki, iqlim dəyişikliyi və onun yaratdığı nəticələrə qarşı mübarizə aparmaq üçün ayrı-ayrı ölkələr tərəfindən milli siyasətlər, proqramlar, strategiyalar, fəaliyyət planları qəbul edilməkdədir.
Ombudsman ötən illər ərzində Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən işlər, xüsusilə ətraf mühitin davamlılığının təmin edilməsi, yoxsulluğun və aclığın aradan qaldırılması üzrə əldə edilən mühüm nailiyyətlər barədə danışıb. Ekoloji problemlərin həllinə, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, təbiətin mühafizəsinə diqqəti artırmaq, ətraf mühit problemi ilə bağlı əhalinin ekoloji cəhətdən məlumatlılığının artırılması məqsədilə təsisatın müvafiq sahədəki fəaliyyəti ilə bağlı məlumat verən S.Əliyeva, həmçinin Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi işğalçılıq, terrorçuluq, o cümlədən ekoterrorizm siyasətindən bəhs edib. Daha sonra İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən törədilmiş ekoloji cinayətlərlə bağlı toplanmış faktlar əsasında müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına göndərilən hesabatlar, eləcə də dünya ictimaiyyətinə ünvanlanan bəyanat və müraciətlər diqqətə çatdırılıb.
Çıxış zamanı ombudsman Ermənistan hökumətinin minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil vermədiyini, eyni zamanda Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirdiyini vurğulayıb.
İqlim dəyişikliyinin mənfi təsir göstərdiyi amillərdən olan qida hüququ məsələlərinə də toxunan S.Əliyeva ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nı qeyd edib. Bundan əlavə, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin ölkədə mütləq yoxsulluq səviyyəsinin azaldılmasına və qidalanmanın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldildiyini və hazırda əhalinin etibarlı ərzaq təminatının dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini simpozium iştirakçılarının nəzərinə çatdırıb.
Sonda ombudsman iqlim dəyişikliyi və qida hüququ məsələləri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu bildirib və hər kəsi insan hüquqlarının qorunması naminə bu istiqamətdə birgə həmrəylik nümayiş etdirməyə çağırıb.