Bəyanatı Ramin Məmmədov oxuyub.
Bəyanatda deyilir:
- Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.
Fransaya törətdiyi bəzi həqiqətləri xatırladırıq. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "şəhid ölkə" adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.
Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib. Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.
Fransanın himayə etdiyi erməni terrorçular müttəfiqi olduğu Ermənistanda qəhrəman kimi qəbul edilib və sonradan Azərbaycanda qarşı terror aktları törədiblər. Fransa parlamentarilərini ilk öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq.
Milli Məclis yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan hökumətinə təklif edir ki,
Fransanın Azərbaycan və Ermənistan arasında normallaşdırma prosesinə cəlb edilməsinə icazə verilməsin, Fransanın Azərbaycanda hansısa aktivləri aşkar edilərsə, onlar dondurulsun, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycanla əməkdaşlığına yenidən baxılsın. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransa cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırsın, Türk Dövlətləri Təşkilatı çərçivəsində Fransanın türkofobiya siyasəti, İƏT çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılsın.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.