17.03.2026, 12:39
AZ EN
17.03.2026, 11:00 27

Ermənistanda seçkiöncəsi rəqabət qızışır

XƏBƏRLƏR
  • Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi qüvvələr arasında rəaqbət daha da qızışır, mübarizə aktiv mərhələyə qədəm qoyur. Seçkilərdə iştirak edəcək siyasi blok və partiyaların rəsmi qeydiyyatı gələn aydan başlasa da, seçkiöncəsi rəqabətin alovlandığı göz qabağındadır. Belə bir şəraitdə Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə seçilən keçmiş prezident Robert Köçəryan iyunun 7-də keçiriləcək seçkilərdə iştirakını rəsmən təsdiqləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Köçəryanın başçılıq etdiyi "Ermənistan İttifaqı" bloku da daxil 5 siyasi qüvvənin seçkilərdə iştirak edəcəyi artıq məlumdur. Bunlar hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası, Robert Koçəryanın "Ermənistan İttifaqı", Artur Vanetsyanın "Şərəfim var" fraksiyası, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və Erməni Milli Konqresidir. Bundan başqa, bəzi digər partiyalar və siyasi təşəbbüs qruplarının da yaxın vaxtlarda aktiv seçki kampaniyasına başlayacağı gözlənilir.

"Armenpress"in yaydığı məlumata görə, "Ermənistan" bloku seçkilərə Koçaryanın liderliyi ilə qatılacağına dair yekun qərarını dünən açıqlayıb. Ermənistanın ikinci prezidenti növbəti parlament seçkilərində yenidən mübarizə aparacağını təsdiqləyib. Baş nazirliyə namizədliyi irəli sürülən eks-prezident bu addımını ölkənin maraqları ilə əsaslandıraraq maraqlı bir etiraf edib: "Əslində, mənim üçün bu, vəzifədə yüksəliş deyil, vəzifədən aşağı düşmədir, amma biz vətən naminə hər şeyə hazırıq. Bəzən verdiyim qərarların doğruluğunu sorğulasam da, mövcud vəziyyətdə geri çəkilməyəcəyəm".

Ermənistan mətbuatı seçkiöncəsi vəziyyəti təhlil edərək yazır ki, hazırda ölkənin siyasi qüvvələri iki qütbə bölünmüş vəziyyətdədir. Qərb yönümlü qütbdə hakim partiyanın lideri Nikol Paşinyan, digər qütbdə isə müxalif qüvvələrin birləşmiş namizədi kimi təqdim olunan Robert Koçaryanın komandası yer alır. Amma Paşinyanın rəqibləri öz-özülüyündə bir-birinə qarşı mübarizə apardıqları üçün həmin siyasi qüvvələrin seçkilərdə Baş nazirliyə vahid namizəd kimi çıxış edəcəyi çoxlu suallar doğurur.

Xatırladaq ki, Robert Köçəryanın rəhbərlik etdiyi blok 2021-ci il seçkilərində 21,09 faiz səs toplayaraq parlamentdə təmsil olunmaq hüququ qazanmışdı. Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər