"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənisatan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan deputatlar qarşısında .çıxışı zamanı "TRIPP yolu"nun ilk növbədə investisiya layihəsi kimi iqtisadi və siyasi əhəmiyyət daşıdığını deyib: "TRIPP layihəsi əhəmiyyətli siyasi diqqət çəkib ki, bu da əlbəttə, yaxşı haldır. Amma hər kəs qəbul edir ki, bu, ilk növbədə investisiya layihəsidir. Başqa sözlə, Azərbaycan və Ermənistan hökumətləri arasında ABŞ liderinin iştirakı ilə razılaşdırılmış "TRIPP yolu"nun siyasi tərəfləri tədricən arxa plana, investisiya proqramı isə ön plana çəkilir. Yəni, TRIPP həm də birgə investisiya layihəsi kimi razılaşdırılıb".
Paşinyan layihənin Ermənistan ərazisindən keçən hissəsinin icrası ilə bağlı yarana biləcək çətinliklərdən danışıb. O, bildirib ki, "TRIPP yolu"nun Yerasxavana çatmaması ilə bağlı narahatlıqlar var və hazırda bu məsələ də ciddi şəkildə öyrənilir: "Ötən həftə Azərbaycan və Ermənistan nümayəndələri Yerasxa-Sədərək hissəsini ziyarət edərək dəmir yolunun vəziyyətini yoxlayıblar. Dəmir yolu nəqliyyatının bərpası üçün vəziyyət öyrənilir. Aparılan təhlillər dəmir yolu xəttinin Yerasxavana qədər uzadılıb-uzadılmaması məsələsinə də aydınlıq gətirəcək".
Baş nazir Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanın mümkünlüyü barədə deputatların sualına cavab verərkən bir daha belə bir qərdurmanın təkrarlanmayacağına əminliyini ifadə edib. Paşinyan Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin bir neçə gün əvvəl açıqladığı illik hesabatını xatırladaraq deyib ki, iki ölkə arasında davamlı sülh prosesi və etimad quruculuğu çox yaxın vaxtlarda məntiqi sonluğa çatacaq: "Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya və ya müharibə riski demək olar ki, yoxdur və mümkün deyil. Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması faktında öz əksini tapıb. Düzdür, Azərbaycan müharibədən əvvəlki dövrdə olduğu kimi hərbi xərclərini artırır və bu tendensiya indi də davam edir. Amma bu, normaldır, biz də ölkəmizin müdafiə qabiliyyətini sistemli şəkildə inkişaf etdiririk, xərcləri artırırıq. Lakin deməliyəm ki, xüsusilə son bir il ərzində Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə keyfiyyətcə çox mühüm dəyişikliklər baş verib. Mən bu dəyişikliyin əlamətlərini çox aydın şəkildə görürəm və bunu alqışlayıram".
Elxan SALAHOV