19.10.2024, 20:32
AZ EN
01.11.2022, 16:45 198

Azərbaycanın Ermənistana Soçidə diplomatiya dərsi

XƏBƏRLƏR

Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra düşmənlə diplomatik müstəvidə aparılan savaş da ölkəmizin tam üstünlüyü ilə davam edir. İndiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Dünən Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Bunu  açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

O bildirib ki, Soçi görüşünədək Ermənistan baş nazirinin təxribatçı bəyanatları, az qala Rusiyaya yalvarış tonunda olan fikirləri siyasi gündəmi zəbt etmişdi. Rusiya Prezidenti Vladimir Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın bir sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları – Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinə verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanırdı. Əslində isə Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırdılar ki, bu görüş baş tutmasın, pozulsun. Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyi və onun siyasi qədərini müəyyənləşdirəcəyi öncədən bəlli idi.

“Əslində isə Soçi görüşünədək durumun izahı çox sadə idi. Azərbaycan atəşkəs olandan sonra üzərinə düşənləri yerinə yetirib: Laçın koridoruna alternativ yol açılıb, əsirlər təhvil verilib. Ermənistan isə öhdəlikləri icra etmir - nə Qarabağdan silahlılar çıxır, nə də nəqliyyat xətlərinin bərpasına başlayır. Son dövrlər Qərbdən fəallaşma müşahidə olunur və Ermənistanı qızışdırırlar, ona siyasi dəstək verirlər. Fransa aşkar qərəzli mövqe tutmaqdadır, Amerika Birləşmiş Ştatlarının Prezidenti Paşinyana məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir. Bu cür mövqe Ermənistanı qızışdırır ki, sülh sazişi ilə bağlı təşəbbüsləri rədd etsin. Bu səbəbdən rəsmi İrəvan Qərbin himayəsinə arxalanaraq 10 noyabr sazişinin müddəalarını icra etmir. Amma Prezident Vladimir Putin öz imzasına sahib çıxmaq üçün bu məsələləri gündəmə gətirməyə məcburdur. Məhz bu amilləri düzgün qiymətləndirərək Azərbaycan tərəfi görüş ərəfəsində təmkinli davranır və Paşinyanın ritorik bəyanatlarına cavab verilmirdi. Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib” mesajı erməni liderinin neçə gündür apardığı təbliğatını alt-üst etdi. Azərbaycan Prezidenti bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizm deyil, praqmatizm sənətidir”, - deyə F.İbrahimli qeyd edib.

Onun sözlərinə görə, Soçi görüşünün nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsi fonunda birgə bəyanat imzaladılar. Bu proses zamanı Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Bütün bunlara görə isə Ermənistan geosiyasi zərbələr alacaq, nəticəsi isə heç də yaxşı olmayacaq.

“Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu görüş Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü, eyni zamanda, həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların, sadəcə, bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən əvvəl müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Şübhəsiz ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir”, - deyən Fəzail İbrahimli fikirlərini yekunlaşdırıb.

AZƏRTAC

Oxşar xəbərlər