"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsinin perspektivlərini şərh edərkən deyib. O, bildirib ki, "TRIPP yolu" Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin bir hissəsidir: "Artıq beynəlxalq ictimaiyyətə də aydındır ki, TRIPP dəmir və avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik xətlər də daxil olmaqla, bir çox mühüm layihələri ehtiva edir. 2023-cü ildə ABŞ dövlət katibinin o vaxtı müşaviri Robert Obrayen demişdi ki, Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir, amma onların qlobal bazarlara yeganə çıxış yolu Rusiya və Çindir. Ermənistan və Azərbaycandan keçən Zəngəzur dəhliz isə bu asılılığı azaldacaq. Bu gün bunlar həqiqətə çevrilir və yaxın gələcəkdə Avropanın Rusiya və Çinə bağlı olan tranzit yollara ehtiyacı olmayacaq".
Babacanyan hesab edir ki, Donald Trampın hazırkı siyasəti də buna əsaslanır. O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana gözlənilən səfərinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.
Partiya sədrinin bu açıqlaması cəmi bir il əvvəl Zəngəzur dəhlizinin əleyhinə sərt bəyanatlarla çıxış edən ermənilərin bu layihənin region və qlobal dünya üçün nə dərəcədə önəm daşıdığını anlamağa başladığını göstərir. Artıq Ermənistanda da başa düşürlər ki, Zəngəzur dəhlizinin açılması təkcə İrəvanı iqtisadi plokadadan çıxarmaycaq, həm də bütöv regionda çox önəmli hadisələr baş verəcək. Arman Babacanyan etiraf edir ki, Azərbaycanda və ya Ermənistanda necə adlandırılmasından asılı olmayaraq, Zəngəzur dəhlizi regionun qlobal bazarlara çıxış imkanı, siyasi, iqtisadi və mədəni müstəvidə inkişaf yolu rolunu oynayacaq.
Elxan SALAHOV