“Vətən səsi” xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı geniş ictimaiyyətə çatdırmaq istədiyi ən mühüm mesajlardan biri idi. Milli Məclisin deputat Rizvan Nəbiyev də təsdiq edir ki, Zəngəzur dəhlizinin açılması bir zərurətdir. Onun sözlərinə görə, Vaşinqton bəyannaməsində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizinin dövlətlərarası, ölkədaxili və beynəlxalq dəyər baxımından üç istiqamətdə əhəmiyyəti xüsusi vurğulanıb: “Cənab Prezident də müsahibəsində layihənin beynəlxalq əhəmiyyətinə xüsusi şərh verdi. Yəni Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycan arasında yüklərin, nəqliyyat vasitələrinin və ya insanların maneəsiz gediş-gəlişini təmin edən deyil, həm də iki kontinenti - Avropa və Asiyanı birləşdirən vacib seqmentlərdən birinə çevrilə bilər. Bu isə hər iki dövlət üçün maliyyə dividentləri ilə yanaşı böyük geosiyasi dividentləri də özündə ehtiva edir”.
Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətini, eləcə də iqtisadi imkanlarını Ermənistanın baş naziri Nikol Paşinyan da başa düşür, sadəcə olaraq, ölkəsi daxilində ona qarşı müqavimət var. Rizvan Nəbiyev bildirib ki, Ermənistan daxilində Zəngəzur dəhlizinə qarşı olan müqavimət revanşist meyillərdən irəli gəlir: “Çünki Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Fars körfəzinə açılan istiqamət öz yerində, cənab Prezidentin vurğuladığı kimi, sovet dövründə mövcud olmuş SSRİ-İran dəmir yolu da hansısa bir formada daha geniş ötürücülük imkanları ilə işə düşür. Türkiyə ərazisində isə istiqamət daha da genişlənir, Aralıq dənizinə və Mersinə bir açılış yaranır. Eyni zamanda, bu dəmir yolu xətti İstanbula qədər uzanmaqla Avropaya başqa bir istiqamətdən imkanlar yaranır. Bu da çox vacib faktordur”.
Rizvan Nəbiyev Azərbaycan liderinin bu məsələdə prinsipial mövqe nümayiş etdirməsini də vacib məqamlardan biri hesab edir. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və əks istiqamətdə maneəsiz gediş-gəlişinin təmin olunmasına razılıq verilməsi dövlət başçısının diplomatik nailiyyətinin nəticəsi kimi xarakterizə olunur: “Cənab Prezident bu ifadəni Vaşinqton görüşlərinə qədər həm yerli, həm də beynəlxalq platformalardakı çıxışlarında səsləndirib. İlham Əliyevin “maneəsiz gediş-gəliş” ifadəsi sülh danışıqlarına dair sənədlərdə - əvvəlcə üçtərəfli bəyanatda, sonra isə Vaşqinqtondakı görüşlərdə imzalanan səsndlərdə öz əksini tapdı. Bu yaxınlarda ABŞ-nin səfiri bildirdi ki, Ermənistanla ABŞ arasında iki komissiya yaranıb və onlar bu məsələlərlə məşğuldurlar. Elə onlardan biri də məhz Zəngəzur dəhlizi məsələsidir. Ümid edirik ki, bu ilin ikinci yarısında Ermənistan tərəfində tikintiyə başlanılacaq. Cənab Prezident isə Qazaxıstanda səfərdə olarkən demişdi ki, biz Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsini gözləyirik. Hətta bu istiqamətdə Ermənistana dəstək məqsədilə İrəvana yükdaşımalara tətbiq olunan məhdudiyyətləri aradan qaldırdıq. Bundan sonra Azərbaycan yanacağı da Ermənistan bazarına yol tapdı”.
Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat-logistika qovşağına çevrilməsi prosesində vacib bir mərhələdir. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə bir növ paylayıcı rolunu oynayacaq. Yəni Şərqdən və Qərbdən gələn yüklər məhz Azərbaycan vasitəsilə beynəlxalq bazarlara ötürüləcək.
Elxan SALAHOV