Səfirlikdən verilən məlumata görə, öncə, Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyə qovuşdurmuş, sabitlik və inkişafa aparmış tarixi şəxsiyyət olduğunu və onun siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu və qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırıb.
Səfir Ümummilli Liderin ölkəmizin çoxşahəli və tarazlı xarici siyasətinin əsasını qoyduğunu, o cümlədən Azərbaycan-Latviya əlaqələrinin banisi olduğunu və ötən dövr ərzində ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
E.Sultanov 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunduğunu diqqətə çatdıraraq, Ulu Öndərin 1995-cil ildə qəbul olunmuş Konstitusiyanın hazırlanmasında misilsiz əməyini vurğulayıb və bunun ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini söyləyib. O, Ulu Öndərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
Sonra Latviyada fəaliyyət göstərən "Azəri" cəmiyyətinin sədri Ulduzxan Əhmədov çıxış edib. O, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasını və tarixi Vətənlə əlaqələrinin güclənməsini özündə ehtiva etdiyini qeyd edərək, Heydər Əliyevin diaspor quruculuğundakı müstəsna rolundan bəhs edib.
Daha sonra Latviyada fəaliyyət göstərən "Azəri Vəhdət" cəmiyyətinin sədri Əlirza Hüseynov çıxış edib. O, Heydər Əliyevin xalqımızı mürəkkəb sınaqlardan uğurla çıxardığını vurğulayaraq, onun xilaskarlıq missiyasından danışıb.
Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. (Report)