"Vətən səsi" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, Gürcüstan hökuməti dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə "Gürcüstan Dəmir Yolları"na həmin yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib.
"Gürcüstan Azərbaycan və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və olmaqda davam edir, həmçinin regionda sülh və sabitliyi dəstəkləyir", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 6-da Doha Forumunda çıxışı zamanı Bakının İrəvana neft və neft məhsullarının ixracına başlaya biləcəyini söyləmişdi. O, Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini xatırlayarkən neft və neft məhsullarının ixracı məsələsinin bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryanın Qəbələdə keçirilən görüşdə müzakirə edildiyini bildirmişdi: "Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər etdi. Bu, misilsiz hadisə idi. Ermənistan baş nazirinin müavini Azərbaycana rəsmi səfəri zamanı sərhədlərin delimitasiya prosesi müzakirə edildi. Bununla bərabər iki ölkə arasında bəzi qarşılıqlı ticarət məsələləri müzakirə edildi. Bu istiqamətlərdən biri indi bizim müzakirə etdiyimiz neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsidir. Bu da həmçinin misilsiz hadisədir".
Bundan bir qədər əvvəl, oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Noyabrın 5-də Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasının yüklənmiş olduğu qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb.
Elxan SALAHOV