11.10.2025, 03:55
AZ EN
30.09.2025, 13:33 226

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hələ tam müəyyənləşməyib

XƏBƏRLƏR
  • "Rusiyanın xarici siyasətinin dəyişməz əsas prioritetlərindən biri Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsidir".

"Vətən səsi" xəbər verir ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan mətbuatına müsahibəsində belə deyib. Rəsmi Moskavanın Bakı və İrəvan arasında sülh danışıqlarını və münasibətlərin normallaşdırılmasına yönəlmiş addımları dəstəqlədiyini deyən səfir Zəngəzur dəhlizindən də danışıb. O, qeyd edib ki, Rusiyanın “Tramp yolu” və ya Zəngəzur dəhlizi adlandırılan layihəyə yanaşması hələ tam müəyyənləşməyib. "Rusiya hökuməti "Tramp yolu" layihəsi barədə yetərli məlumata malik deyil. Ona görə də bu marşrutla bağlı Moskvanın mövqeyi layihənin necə həyata keçiriləcəyi barədə ətraflı məlumatlar əldə edilikdən sonra formalaşacaq. Həm də bildiyimizə görə, razılaşma üzərində iş yeni başlayıb, hələ bütün məsələlərə dair təfərrüatlar məlum deyil".

Rusiyalı səfir bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə yük və sərnişindaşımanın tranzit rejimləri, hərəkətin təhlükəsizliyi ilə bağlı məsələlər də razılaşdırılmalıdır. Onun fikrincə, bölgədə nəqliyyat əlaqələrinin bərpası Ermənistanla Rusiya arasında münasibətlərin gələcək inkişafına ciddi təsir göstərəcək: "Ona görə də dəhlizin açılması istiqamətində atılan addımlar ikitərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Rusiya həm Ermənistanla, həm İranla, həm də digər maraqlı tərəflərlə bu məsələlərlə bağlı məsləhətləşmələrə açıqdır”.

Sergey Kopırkin ölkəsinin Cənubi Qafqazda mövqelərinin zəifləməsi barədə sələnən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq mümkün deyil: “Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir işdir. Buna nə coğrafiya, nə ortaq tarix, nə də Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə çoxşaxəli əlaqələrinin genişliyi imkan verir. Buna baxmayaraq, bəzi xarici aktorlar bu cür absurd ideyalar səsləndirməklə yalnız öz istəklərini və regional reallıqları zəif dərk etdiklərini ortaya qoyurlar”.

Moskvanın İrəvandakı elçisi Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılmasının da gündəmdə olmadığını deyib. Səfir bildirib ki, ikitərəfli razılaşmaya uyğun olaraq, Rusiya Silahlı Qüvvələrinin bölmələri 2044-cü ilədək Ermənistanda qalmalıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər