"Vətən səsi" xəbər verir ki, Türkiyə Prezidenti bu məsələnin Qafqaz regionunda təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığını bir daha xatırladıb. O, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına, Cənubi Qafqazda davamlı sabitliyin Türkiyə ilə Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağına ümid etdiyini bildirib.
Putin isə öz növbəsində Rusiyanın da marağında olduğunu söyləyib. O, həm Azərbaycanla Ermənistan arasında davamlı sülhün möhkəmləndirilməsi istiqamətində, həm də digər regional məsələlərdə Türkiyə ilə etibarlı əməkdaşlığı davam etdirəcəyini söyləyib.
Vladimir Putin regional məsələlərdən danışarkən Cənubi Qafqazla yanaşı i, xüsusilə Yaxın Şərq və Şimali Afrika ilə bağlı qarşılıqlı maraq doğuran məqamlara da diqqət çəkib: “Bizim diqqətimiz həmçinin Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz kimi ümumi maraq kəsb edən mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı köklü, konkret, faydalı və deyərdim ki, güvənlidir”.
Müzakirələr əsnasında Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib: “Mənim dəvətim qüvvədə qalır. Sizi ən qısa zamanda ölkəmizdə salamlamağı səbirsizliklə gözləyirik. Bizim etimada əsaslanan səmimi münasibətlərimiz var. Münasibətlərimiz mövcud şəraitdən təsirlənmədən inkişaf edir”.
Elxan SALAHOV