"Vətən səsi" xəbər verilir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun fikrincə, İran üçün qeyri-müəyyənliyin əsas elementi layihənin təfərrüatlarıdır: "Bunlar Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə işçi qrup tərəfindən hazırlanmalıdır. İlkin sxemə görə, ABŞ və Ermənistan hüquqi cəhətdən İrəvana tabe olacaq birgə müəssisə yaradacaq. Həmçinin razılaşmada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “maneəsiz keçid” nəzərdə tutulur. Lakin "maneəsiz keçid" terminin konkret məzmunu hələ açıqlanmır və bu, İranı narahat edir. SEPAH-ın Zəngəzurun “Trampın muzdluları üçün məzarlığa çevriləcəyini” bəyanatı da həmin narahatlıqdan qaynaqlanır. Amma Prezident Pezeşkian və onun kabineti sərt ritorikadan istifadə etməməyə çalışaraq radikal qiymətləndirmələri şişirdilmiş hesab edir”.
Stanislav Tarasov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin hansı şəkildə idarə olunacağı və yola kimlərin nəzarət edəcəyi də İranı qorxudur. Lakin onun fikrincə, bu məsələlər aydınlaşdıqca Tehranın dəhlizlə bağlı narahatlıqları tamamilə aradan qalxacaq: “Bu məsələdə İranın diqqəti xüsusilə ABŞ-ın həmin layihədə iştirakına yönəlib. Əsas məsələ odur ki, marşrutun idarə olunmasında kimlər iştirak edəcək, onun hansı səlahiyyət və resursları olacaq, hansı real nəzarət mexanizmlərindən istifadə ediləcək. Bu tip məsələlərə aydınlıq gətiriləndən sonra İranın da dəhlizlə bağlı mövqeyi müəyyənləşəcək".
Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda əldə edilmiş razılaşma İran prezidenti Pezeşkianın İrəvana sonuncu səfəri zamanı Nikol Paşinyanla görüşündə də diqqət mərkəzində olub. Paşinyan Pezeşkianı əmin edib ki, Vaşinqtonda aparılan danışıqlar zamanı Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalarda İranın maraqları tam nəzərə alınıb.
Elxan SALAHOV