"Vətən səsi" xəbər verir ki, bu barədə Nikol Paşinyan “Yerevan Dialogue” forumunda çıxışında deyib. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında müqavilə imzalandıqdan sonra sənəd hüquqi təsdiqini almaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək: “Biz müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Konstitusiyaya dəyişikliklərin edilməsinin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhə nail olmaq imkanını əldən vermək olmaz”.
Xatırladaq ki, 2005-ci ildə qəbul olunmuş və 2015-ci ildə dəyişdirilmiş qüvvədə olan Ermənistan Respublikası Konstitusiyasının preambulasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları əks olunur. Buna görə də rəsmi Bakı İrəvanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürüb. Bunlardan birincisi Ermənistan Konstitusiyasının dəyişdirilərək Azərbaycana qarşı ərazi iddiaları barədə müddəaların ordan çıxarılması, digəri isə ATƏT-in Minsk Qrupunun ləğvi barədə müraciətin edilməsi ilə bağlıdır. Nikol Paşinyan ötən həftə Albaniyada səfərdə olarkən Azərbaycanın İctimai Televizyasının əməkdaşına verdiyi açıqlamada Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirmişdi. "Bizim Azərbaycana qarşı ərazi iddiamız yoxdur və bütün məsələlər qarşılıqlı hörmət əsasında həllini tapmalıdır" deyən Baş nazir ölkəsinin əsas qanununa dəyişiklik etrmək istəmədiklərinə işarə etmişdi. Lakin görünür, o, Tiranada Azərbaycan prezidenti ilə görüşdən sonra reallıqları nəzərə alaraq fikrini dəyişib. Sülh sazişinin imzalanması üçün yaranmış fürsətin qaçırmasının Ermənistan üçün ciddi problemlər yarada biləcəyindən ehtiyatlanan Paşinyan ona inanmayan rəsmi Bakının şübhələrinə son qoymaq üçün Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsini təsdiq etmədiyi təqdirdə özü buna təşəbbüs göstərəcək. Bu isə o deməkdir ki, sülh sazişinin tezliklə imzalanması üçün az qala Azərbaycana yalvaran Nikol Paşinyan Ermənistanın günahı üzündən dalana dirənmiş razılaşmaya nail olmağa çalışır. O, hətta Ermənistan dövləti adından məsuliyyəti öz üzərinə götürməyə, Konstitusiya Məhkəməsini buna məcbur edə bilər.
Elxan SALAHOV