19.04.2025, 10:13
AZ EN
17.04.2025, 11:19 175

Xüsusi nümayəndə: Hər bir regional mərkəzdə müəyyən ərazilər olduğu kimi saxlanılacaq

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin tapşırığına əsasən, hər bir regional mərkəzdə müəyyən ərazilər toxunulmamış, olduğu kimi saxlanılacaq, oradakı xarabalıqlar bərpa olunmayacaq.

Bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda danışıb.

O qeyd edib ki, həmin ərazilər açıq səma altında memorial parklar kimi istifadə ediləcək:

"Bu, İşğal və Qələbə muzeyləri layihəsi çərçivəsində baş tutacaq. Şəhərlərin yenidən qurulmasında göstərilən bu yanaşma simvolik mənası ilə yanaşı, dərin mədəni və mənəvi məna daşıyır. Çünki dağıdılmış binalar və küçələr orada yaşayanlar üçün bir tarixdir. Eyni layihə Füzulidə Memorial Kompleks və Zəfər Muzeyində planlaşdırılır. Həmin yerdə müasir nümayiş metodlarının, o cümlədən 3D texnologiyanın köməyi ilə Füzuli şəhərinin azad edilməsi uğrunda hərbi döyüşləri vizual olaraq görə biləcəyik".

Xüsusi nümayəndə daha sonra infrastruktur layihələrindən söz açaraq deyib ki, ərazidə bu günə qədər ümumi uzunluğu təxminən 600 kilometr olan 16 avtomobil yolu salınıb:

"Bərdəni Ağdama birləşdirən dəmir yolu, Füzulidə beynəlxalq hava limanı da ərazidəki mühüm əhəmiyyətli layihələrdir. Ərazini minalardan təmizləmək və Füzulidə dünya səviyyəli beynəlxalq hava limanı tikmək cəmi səkkiz ay çəkdi. Bizim 10 elektrik yarımstansiyamız, dörd böyük su anbarımız, iki su kanalımız və iki əsas qaz kəmərimiz var. Həmçinin, yaşayış kompleksləri salınıb. Burada ciddi yeni sosial-iqtisadi infrastrukturları görə bilərsiniz. Şəkillərdə Ağdam şəhərindəki 1 nömrəli məktəbi, Füzuli şəhərindəki Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzini, eləcə də Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbi görə bilərsiniz".

E.Hüseynov vurğulayıb ki, ümumilikdə bu ərazilərdə səkkiz yaşayış məhəlləsi, bir qəsəbə və 23 kənd, altı uşaq bağçası, beş məktəb və iki mərkəzi xəstəxananın inşası planlaşdırılır.

"İnfrastruktur layihələri ilə yanaşı, mədəni irsimizin qorunması və bərpası da yenidənqurma prosesində prioritetlərdən biridir, çünki Qarabağdakı bütün tarixi, mədəni və dini abidələr tamamilə dağıdılıb və ya vəhşicəsinə təhqir edilib. Ağdamın məşhur nişanəsi olan Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilib, Qiyaslı kəndindəki digər qədim məscidin bərpası isə hazırda davam edir.

Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan digər mədəni obyekt İmarət Kompleksidir, keçən il bərpa edildi. Ərazidə 213 məzar aşkarlanıb və bərpa olunub. Bəzi məzarlardan gələcək təhlil üçün DNT analizi nümunələri götürülüb", - o əlavə edib.

Xüsusi nümayəndə diqqətə çatdırıb ki, hazırda Şahbulaq kompleksi bərpa olunur:

"Şahbulaq qalası vaxtilə Qarabağ xanlığının ikinci qalası olub. Bərpadan sonra bu kompleks bölgənin turizm potensialını əhəmiyyətli dərəcədə artıracaq". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR