"Vətən səsi" xəbər verir ki, analitik Natiq Cəfərli Ermənistanın İrəvandan sonra ikinci böyük şəhəri sayılan Gümrüdə martın 30-da keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən belə deyib.
Bələdiyyə seçkilərinin rəsmi nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın partiyası 36,80 faiz səs toplayaraq birici yeri tutub. Maraqlıdır ki, seçkilərdə ikinci yerə 20,71 faiz səslə Ermənistan Kommunist Partiyası çıxıb.
Natiq Cəfərli bildirib ki, Nikol Paşinyanın partiyası seçkilərdə birinci yerə çıxsa da, təkbaşına mer seçə bilmir: "Yəqin ki, danışıqlar yolu ilə müəyyən koalisiya qurulacaq. Amma seçicilərin hər şeyə rəğmən Paşinyana səs verməsi maraqlı məsələdir. Paşinyan ən azından sözdə “sülh” deyir, bu yolda müəyyən addımlar da atır, "müharibə və qisas" deyənlərə xalq səs vermir. Belə çıxır ki, Ermənistan cəmiyyəti yavaş addımlarla da olsa, tarixi yanlışlardan, özləri üçün yaratdığı zərərli nağıllardan geri dönməyə, ayılmağa başlayır. Coğrafiyamızda qalıcı sülh üçün Ermənistan cəmiyyətində miflərin dağılması mütləqdir”.
Elxan SALAHOV