"Vətən səsi" xəbər verir ki, bunu türkoloq Ruben Safrastyan erməni mediasına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, dünyadakı nüvə silahlarının 90 faizi ABŞ və Rusiyanın əlindədir. Bu isə o deməkdir ki, yeni dünya nizamında bu iki dövlət iyerarxiyanın zirvəsində dayanacaq: “ABŞ və Rusiya bir-birini məhv etməkdənsə, əməkdaşlığın daha yaxşı olduğunu düşünür. Hərbi baxımdan Rusiya və ABŞ-dan geridə olsa da, iqtisadi cəhətdən güclü ölkə olan Çin faktorunu da unutmaq olmaz. Bu üçü dünyanı böləcək”.
Safrastyan hesab edir ki, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın ümumi təsir dairəsində qalacaq. O, etiraf edir ki, regiondakı dəyişikliklər fonunda Türkiyənin real gücə çevrilməsi Ermənistanın müəyyən siyasi dasirələrini qorxudur. İnkişaf və sülh tərəfdarı olan əhali isə əksinə, Türkiyə ilə münasibətlərin tezliklə normallaşaçağına böyük ümid bəsləyir: “Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və Türkiyə o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq”.
Elxan SALAHOV