Bu fikirləri Milli Məclisin deputatı Mübariz Qurbanlı martın 11-də Sosial Tədqiqatlar Mərkəzində keçirilən “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
M.Qurbanlı bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı fundamental əsərin üçüncü cildi İrəvan, Göyçə, Zəngəzur kimi qədim Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş, lakin erməni millətçiləri tərəfindən sistemli şəkildə məhv edilən irsimizi geniş şəkildə araşdırır. “Bu elmi araşdırma yalnız dağıdılmış abidələrin miqyasını göstərməklə kifayətlənmir, həm də onların tarixi əhəmiyyətini, xalq yaddaşındakı yerini, əfsanələrini və inanc sistemindəki rolunu ortaya qoyur. Tədqiqat zamanı Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrinin dövlət və şəxsi arxivlərindən əldə edilən materiallardan istifadə olunub,” – deyə deputat qeyd edib.
O vurğulayıb ki, bu araşdırmalar tarixi ədalətin bərpasına və milli yaddaşın qorunmasına mühüm töhfə verəcək. (AZƏRTAC)