"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın parlamentinin deputatı, “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Abramyan həmin mötəbər tədburdə ölkəsinin adının çəkilməməsini biabırçılıq adlandırıb: “Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin son günlər gərginləşməsi kontekstində hətta Gürcüstanın adı çəkilsə də, Ermənistanla bağlı nə bir söz, nə də eyham var. Hətta rəsmi şəkildə qarşılanmadı. Qəribə deyilmi ki, Avropa İttifaqının gələcəyi, genişlənmə perspektivləri, hətta ideyalar ətrafında müzakirələr kontekstində Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün parlamentin qanun layihəsini qəbul etdiyi ölkənin adı çəkilmir?”.
Ermənistanın parlamentinin deputatı Münhen konfransından narazılığını dilə gətirərkən bu cür münasibətə görə həm də rəsmi İrəvanın xarici siyasətindəki yanlışlıqlarını da xüsusi qeyd edib. Abramyanın sözlərinə görə, Ermənistan hökumətinin öz vətəndaşlarını Aİ-yə üzv olmağa razı salmaq “əziyyəti” Aİ-nin səlahiyyətli rəsmiləri tərəfindən heç bir reaksiya ilə qarşılanmır ki, bu da Ermənistanın xarici siyasətdə avantürizm yolunu davam etdirdiyini bir daha sübut edir.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Firudin Sinirlioğlu ilə də görüşmüşdü. Görüşün əsas mövzusu Azərbaycan-Ermənistan normallaşma prosesi olub.
Elxan SALAHOV