08.06.2025, 23:08
AZ EN
09.01.2025, 14:19 265

Ermənistanın Aİ-yə üzvlüyü xəyal olaraq qalacaq

XƏBƏRLƏR
  • Gözlənildiyi kimi, Ermənistan hökuməti Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü bağlı bağlı referendumun keçirilməsi təşəbbüsünü dəstəkləyib. Artıq bununla bağlı hökumət səviyyəsində ilk rəsmi qərar da təsdiqlənib və Ermənistanın Aİ-yə üzvlüyü məsələsi İrəvanda ciddi siyasi prosesə çevrilir.

"Vətən səsi" xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi avropayönlü qüvvələr hələ ötən ilin payızında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesi ilə bağlı vətəndaş təşəbbüsü” ilə çıxış ediblər. Belə ki, “Demokratik Qüvvələrin Platforması” referendum məsələsinin parlamentin gündəliyinə daxil olması üçün sentyabrın 16-dan noyabrın 14-dək 60 000 imza toplayıb. Dekabrın 10-da isə Mərkəzi Seçki Komitəsi keçirilən sessiyada 52 351 imzanı ratifikasiya edib. Komissiya Aİ-yə üzvlük təşəbbüsün qəbul olunması üçün 50 min imzanı keçərli sayıb.

Layihə parlamentin Avropaya İnteqrasiya Komitəsinə daxil olduqdan sonra sənədin müzakirəsinə başlanılsa da, ciddi fikir ayrılıqları səbəbindən proses yarımçıq dayandırılmışdı. Bununla belə, hökumət rəsmiləri layihənin ətraflı müzakirə olunacağını və parlamentin 2025-ci il gündəliyinə daxil ediləcəyini söyləmişdilər. Artıq həmin an yetişib və Paşinyanın komandası Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Müzakirələrdə Paşinyan özü də iştirak edib. O, bildirib ki, konstitusiyaya görə, Aİ-yə və ya fövqəlmilli təşkilata daxil olmaq qərarı yalnız referendum yolu ilə verilə bilər. Bu halda konstitusiyada nəzərdə tutulmuş qaydada referendum iştirakçılarının lehinə qanunla müəyyən edilmiş miqdarda səs toplanmalıdır.

Baş nazir deyib ki, qanunun qəbulu ilə potensial referendumun keçirilib-keçirilməyəcəyinə qədər cəmiyyətdə müəyyən təsəvvürlər formalaşmalıdır: "Bu qanunun qəbulundan sonra biz Aİ ilə həm avropalı tərfdaşlarımızın, həm də erməni cəmiyyətinin təsəvvür etdiyi yol xəritəsini müzakirə edərək birgə addımlarımızı müəyyənləşdirəcəyik".

Ermənistan ictimaiyyətinin böyük kəsimi, o cümlədən siyasi müxalifət Aİ-yə üvlük məsələsinin perspektivinə şübhə ilə yanaşırlar. Politoloq Vahe Ovannisyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının "Ermənistan Respublikanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini öz opponentləri ilə müzakirə etmədən təsdiqləməsini pisləyib. O da müxalifət liderləri kimi İrəvanın Qərbyönlü siyasət yürütməsinin region ölkələri ilə münasibətlərə böyük zərbə buracağı qənaətindədir.

Ovannisyan xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlər həll edilmədən İrəvanın Aİ ilə əməkdaşlığı dərinləşdirmək cəhdlərinin uğursuza düçar olacağını düşünür. O, vurğulayıb ki, Ermənistanda Aİ-yə üzvlük üçün nəzərdə tutulan referendum əsassız və heç bir rasional hesablamaya malik olmayan təşəbbüsdür. Onun dediyinə görə, Aİ-yə üzvlüklə bağlı mümkün referendum süni və sıfır perspektivli prosesdir. Əksinə, Rusiyanın və digər region ölkələrinin böyük maraq göstərdiyi BRICS-ə üzvlük Ermənistan üçün daha realdır: "Gürcüstan Aİ ilə danışıqları dondurduğu halda Ermənistanın Rusiya, İran, Azərbaycan və Türkiyədən kənara çəkilib Avropa ilə əməkdaşlığa can atması təəssüf doğurur. Biz bu siyasətin indiki halda Ermənistan üçün perspektivini görmürük, bizim böyük potensial regiondakı qonşularımızdır".

Ovannisyan onu da əlavə edib ki, Aİ ilə əməkdaşlığın inkişaf etdirilməsi Ermənistan hakimiyyətinin öz arzusudur və faktiki olaraq qarşı tərəf hələ buna maraq göstərmir: "Heç kim bizi Avropa İttifaqına dəvət eləmir, yaxın gələcəkdə bu quruma üzvlüyümüzlə bağlı perspektiv yoxdur. Çünki bir çox yerli məsələlər var ki, biz ilk növbədə onları aradan qaldırmalı və mövcud şəraiti Aİ-nin şərtlərinə uyğunlaşdırmalıyıq. Əks halda Ermənistanın Avopa Birliyinin bərabərhüquqlu üzvlüyü xəyal olaraq qalacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər