Bu barədə Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən məlumat verilib.
Tədbirdə səfirliyin əməkdaşları ilə birgə bu ölkədə yaşayan soydaşlarımız, qardaş Türkiyənin Pretoriyada akkreditə olunan səfirliyinin müşavirləri, eləcə də Cənubi Afrikanın siyasi-ictimai dairələrinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin səfirlikdəki fotoşəkili önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçılarının qarşısında çıxış edən müvəqqəti işlər vəkili Hüseyn Rəhimli, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağını, Heydər Əliyev irsinin gələcək nəsillərə örnək və tədqiqat mövzusu olacağını söyləyib.
Vurğulanıb ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın siyasi və iqtisadi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin uğurla həyata keçirildiyi, Azərbaycanın bölgədə lider ölkəyə çevrildiyi diqqətə çatdırılıb.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, onun gələcək nəslə ötürülməsi, eləcə də mədəniyyət və incəsənətimizin, ümumiyyətlə Azərbaycan həqiqətlərinin geniş miqyasda təbliği istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhəmiyyətli rolu xüsusi vurğulanıb.
Toplantıda çıxış edən Türkiyə səfirliyinin müşaviri Nedim Kaya Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bir sıra layihələrin icrasında yaxından iştirak etdiyindən söhbət açaraq, Ümummilli Lider haqqında xoş xatirələri bölüşüb, onun müasir Azərbaycan dövlətinin quruluşundakı əvəzsiz rolundan bəhs edib.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. (AZERTAC)