Azərbaycan stendi "AzLux" Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası tərəfindən Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Eyni zamanda, təşkilatçılığa tanınmış Azərbaycan şirkətləri də dəstək göstərib.
Stenddə Azərbaycanın milli mətbəxindən dadlı yeməklər, müxtəlif ərzaq məhsulları və yerli istehsal nümunələri təqdim olunub. Həmçinin Azərbaycanın ənənəvi rəqsləri ilə çıxış edən rəqqaslar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Ziyarətçilər Azərbaycanın zəngin mədəni irsinə birbaşa şahid olmaq və ölkəmizin qonaqpərvərliyini hiss etmək imkanı qazanıblar. Bu tədbir Azərbaycanın mədəni irsini, milli mətbəxini və sənətini beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əvəzsiz bir platforma rolu oynayıb.
Qeyd edək ki, Azərbaycan stendi sərgi boyunca qonaqların ən çox maraq göstərdiyi məkanlardan biri olub. Müxtəlif ölkələrdən olan ziyarətçilər stendin zəngin mətbəx çeşidlərini, incəliklə hazırlanmış suvenirlərini və rəqs çıxışları yüksək qiymətləndiriblər. Stendin populyarlığı Azərbaycanın beynəlxalq arenada mədəniyyət və turizm potensialını tanıtmaq istiqamətində uğurlu bir addım olduğunu bir daha təsdiqləyib. (AZERTAC)