23.12.2024, 14:30
AZ EN
05.11.2024, 10:45 152

Zəngəzur dəhlizi ilə bağlı yeni şərtlər

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları daşınan yüklər haqqında məlumat mübadiləsini nəzərdə tuta bilər.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Ermənistanın Zəngəzur üzərindən Naxçıvanla yol yol verilməsi ilə bağlı irəli sürdüyü yeni təklifləri qəbul edəcəyi halda həmin dəhliz üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarətinə dair mexanizmləri razılaşdırmaq mümkündür: “Ölkələrin əvvəlcədən mübadilə edə biləcəyi çoxlu məlumatlar olur. Məsələn, Gürcüstanla belə bir təcrübəmiz var. Biz öz ixrac məlumatlarımızı əvvəlcədən göndəririk, onlar özlərininkini göndərirlər və idxal mərhələsində proses asanlaşır”.

Komitə rəhbəri qeyd edib ki, ikitərəfli razılaşmanın şərtlərindən asılı olaraq, həll yolları bir neçə varinatda ola bilər: “Məsələn, ölkələr əlavə riskləri neytrallaşdırmaq üçün əvvəlcədən skan edilmiş şəkilləri mübadilə edə bilərlər. Müasir rəqəmsal platformalara əsaslanan başqa həllər də var”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 24-də Kazanda keçirilən BRİCS konfransında Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışarkən bu məsələdən də bəhs edtmişdi. O, bəyan etmişdi ki, İrəvan Zəngəzur üzərindən Naxçıvanla əlaqə üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti mexanizmlərinin yaradılmasını təklif edir: "Biz sərhəd və gömrük nəzarəti prosedurları mexanizmləri vasitəsilə əlaqəni təmin edə bilərik. Artıq Azərbaycana sərhəd və gömrük nəzarəti mexanizmlərinin prosedurlarının sadələşdirilməsini, o cümlədən qanunvericilik və ölkələrimizin suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin görülməsini təklif etmişik".

İrəvanın istəyi odur ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları region ölkələrinin suverenliyi və ərazi bütövlüyü əsas götürülməklə açılmalı, hər şey qarşılıqlılıq və bərabərlik prinsiplərinə söykənməlidir. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında vdeyib ki, yaxın gələcəkdə Ermənistan Azərbaycanla təkcə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində deyil, həm də hazırda razılığa gəlinməsi mümkünsüz digər mövzularda da işi davam etdirəcək.

 

Azərbaycan isə Naxçıvana yol məsələsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı əsas götürür. Həmin bəyanatın 9-cu bəndində göstərilir ki, Ermənistan Naxçıvana yolun məneəsizliyinə təminat verməlidir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, sözügedən yolda heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Lkin Ermənistan rəhbərliyi ölkənin ərazi bütövlüyü və suverenliyi prinsipini bəhanə edərək öhdəliklərdən yayınmağa çalışır. İrəvan bunun əvəzində “Dünyanın kəsişməsi” ideyasını ortaya atıb. Nə region ölkələri tərəfindən, nə də beynəlxalq aləmdə dəstəklənməyən bu ideya rəsmi Bakının irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə ziddir və Azərbaycanı deyil, Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirir.

Elxan SALAHOV

Oxşar xəbərlər