"Vətən səsi" xəbər verir ki, bu barədə erməni mətbuatı ictimai fəal Mika Badalyana istinadən məlumat yayıb. Bildirilir ki, bir müddət əvvəl məşhur erməni biznesmen Samvel Aleksanyan Rusiyaya buraxılmayıb. Bu yaxınlarda isə Ermənistandakı hakim "Vətəndaş müqaviləsi" partiyasının əsas sponsoru, oliqarx Xaçatur Sukiasyanın da (Qrzo) da Rusiyadakı biznesinə müəyyən məhdudiyyətlər tətbiq edilib.
Yayılan məlumatlarda 40-a yaxın erməni iş adamının Rusiyaya girişinə qadağa qoyulduğu deyilir. Həmin iş adamlarının bir neçəsinin adı və biznes növü haqqında məlumat verilsə də, siyahıda daha kimlərin olduğu gizli saxlanılır.
Mika Badalyan sosial şəbəkə hesabında yazıb ki, hələ aprel ayında Rusiyaya girişi qadağan olunmuş iqtidaryönlü erməni iş adamlarının və siyasətçilərinin siyahısının tərtib edildiyi haqda məlumat yayıb. Son bir neçə ayda isə həmin siyahıya Rusiyada fəaliyyət göstərən və ya biznesini bu ölkədə genişləndirmək istəyən daha bir neçə iş adamının da adı daxil edilib: “Artıq bundan sonra Rusiyada pul qazanmaq və eyni zamanda rusofobiyanı açıq şəkildə təbliğ edən bir rejimə sponsorluq etmək mümkün olmayacaq. Paşinyan rejimini dəstəkləyən iş adamları çox diqqətlə düşünməlidirlər ki, özlərinə başqa bazarlar tapa biləcəklər, ya yox”.
Hazırda Rusiyada fəaliyyət göstərən və Paşinyan hökumətini dəstəkləyən erməni iş adamları arasında xarici agentlərin olması da istisna edilmir. Fəaliyyəti məhdudlaşdırılan və Rusiyaya girişinə qadağa qoyulan erməni əsilli iş adamları ilə bağlı siyahının məxfi saxlanılmasınin əsas səbəblərindən biri bununla əlaqələndirilir.
Elxan SALAHOV