"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib. O, bildirib ki, cəmiyyət Ermənistan-Rusiya, Ermənistan-Qərb, hətta Ermənistan-Türkiyə münasibətlərinə yanaşmada daha çox emosional hisləri rəhbər tutur, konkret faktları nəzərə almır: "Bizim cəmiyyətdə insanlarıın əksəriyyəti daşlaşmış miflərə, stereotiplərə və təbliğata asanlıqla təslim olur. Uzun müddətdir gördüyümüz budur ki, həm Rusiyanın, həm də Qərbin təbliğat makinası bizim cəmiyyətlə fəal işləyir və bu, öz bəhrəsini verir”.
Erməni ekspert qeyd edib ki, rəsmi İrəvan beynəlxalq münasibətlər və geosiyasi prosesləri doğru qiymətləndirə bilmir. Erməni cəmiyyəti isə illüziyalara aldanaraq hökumətin atdığı addımların necə yekunlaşacağını gözləyir. Hər şey cəmiyyətin arzuladıqları baş vermədikdə hamı ruhdan düşür, yaxşılığa doğru atılan addımlara inzam azalır və emosiyaları yenidən bir-birinə qarışır".
Armen Baqdasaryan hesab edir ki, erməni cəmiyyətin gözlədiklərinin əksinə olaraq, Avropa Birliyinə üzvlük məsələsi alınmayacaq. Onun fikrincə, indiki şəraitdə Ermənistanın Avropa Birliyinə üzvlük məqsədləri reallığa söykənmir. Üstəlik bunu həm Paşinyan və onun komandasındakı rəhbər şəxslər, həm də hakimiyyətin Avropadakı tərəfdaşları yaxşı başa düşür: “Təəssüf ki, Ermənistan konkret reallıqlar yox, istək və arzularla hərəkət edir. Buna görə də ölkədə Avropaya can atanların sayı kifayət qədər böyükdür. Əgər bunun bədəli aydın olsaydı və təhlükəsizlik riskləri olmasaydı, əminəm ki, Ermənistan əhalisinin 90 faizindən çoxu Qərbə getməyin tərəfdarı olardı. Avropa Birliyinə üzvlük qeyri-müəyyən perspektivə malikdir, praktiki olaraq bu ehtimal sıfıra yaxındır. Ermənistan hakimiyyətinin 6 illik siyasi təcrübəsi göstərir ki, onlar qeyri-real istəklərində israrlıdır. Yəni, hakimiyyət kifayət qədər ümidlidir və inadla Qərb yolu ilə davam edəcək. Hansısa durumdan asılı olaraq, bəzən prosesi dayandırırlar, amma istənilən halda Paşinyan hakimiyyəti öz yanaşmalarından əl çəkməyəcək”.
Elxan SALAHOV