20.09.2024, 10:58
AZ EN
03.09.2024, 10:51 244

Ermənistan Zəngəzur dəhlizinə razılıq verir - BİR ŞƏRTLƏ

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yola nəzarətin özəl şirkətə verilməsini təklif edir. Amma bu məsələnin Azərbaycan tərəfi ilə müzakirə edilib-edilmədiyi məlum deyil.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qeyd olunur ki, Ermənistan Xarici İşlər Nazirliyi Naxçıvana gedən yola nəzarətin özəl şirkətə verilməsi ilə bağlı mövzunu şərh etməkdən yayınır. Nazirlik həmin media orqanının sorğusuna cavab olaraq bildirib ki, Ermənistan Respublikası suverenliyə, milli yurisdiksiyaya, bərabərlik və qarşılıqlılığa hörmət prinsiplərinə əsaslanaraq regionda kommunikasiyaların açılması ilə bağlı prosesdə konstruktiv şəkildə iştirak edir.

Bununla belə, “Sputnik Ermənistan” yazır ki, rəsmi İrəvan Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətin idarəçiliyinə verilməsi məsələsinin Azərbaycanla müzakirə olunub-olunmadığına münasibət bildirməyib.

Xatırladaq ki, erməni politoloq Sergey Melkonyan Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində keçirilən sonuncu görüşdə gələcək kommunikasiyalara nəzarətin özəl şirkətə verilməsi imkanlarının da müzakirə edildiyini söyləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə iki gün əvvəlki açıqlamasında bəyan etmişdi ki, rəsmi İrəvan  Azərbaycanı Naxçıvanla birləşdirəcək yol verməyə hazırdır. Bunun üçün Ermənistanın yeganə şərti ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsidir.

Elxan SALAHOV

Oxşar xəbərlər