19.10.2024, 23:29
AZ EN
17.08.2022, 08:55 402

Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb

XƏBƏRLƏR
  • Yaponiyanın “Cross Border Club 3.0” YouTube kanalı qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağda törətdiyi təxribata cavab olaraq Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb.

“Söndürülmüş od yenidən alovlanır” adlı verilişdə kanalın prodüseri və aparıcısı Kazuyasu İşida yapon izləyicilərə avqustun əvvəllərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində erməni terrorçularının törətdiyi təxribat və nəticədə bir azərbaycanlı hərbçinin şəhid olması barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Rusiya və Azərbaycan ilə imzaladığı üçtərəfli Bəyanatın müddəalarını pozur, bununla da rəsmi Bakının sülh müqaviləsi imzalanması və regional əməkdaşlığa dair təşəbbüslərinə əngəl törətməyə çalışır. Aparıcı qeyd edib ki, bu terrora cavab olaraq Azərbaycan Ordusu dərhal “Qisas” əməliyyatı keçirib və qanunsuz erməni silahlı dəstələrinin yerləşdiyi bir neçə yüksəkliyi nəzarət altına alıb. Vurğulayıb ki, Azərbaycan haqlı olaraq qanunsuz erməni silahlı dəstələrinin öz ərazisindən çıxarılmasını tələb edir.

Verilişdə Azərbaycanın Avropanın enerji təminatında oynadığı roldan xüsusi bəhs edın aparıcı, münaqişənin yenidən qızışmasının daha böyük fəlakətlərə yol aça biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, bu baxımdan Yaponiya da regionda baş verən hadisələri diqqətlə izləməli, onun yenidən alovlanmaması üçün lazımi addımları atmalıdır.

Münaqişənin tarixinə toxunan aparıcı 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanan Azərbaycan ərazilərinin 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsi nəticəsində azad edildiyini, ölkə rəhbərliyinin bu torpaqlarda böyük bərpa və quruculuq işləri apardığını xüsusi qeyd edib. Bildirib ki, cari ilin fevralında Azərbaycana səfəri zamanı bu nəhəng işlərin şahidi olub, sürətlə salınan yeni yolları, tikilən aeroportları, inşa olunan yeni infrastrukturu şəxsən görüb. Qeyd edib ki, ərazilərin ermənilər tərəfindən minalanması burada aparılan quruculuq işlərinə böyük əngəl törədir. Üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmək istəməyən Ermənistan regionda sabitliyin davamlı olmasına, sülh və əmin-amanlığın yaranmasına əngəl törətməkdə davam edir.

Verilişdə izləyicilərə regionda baş verən hadisə ilə bağlı qonşu ölkələrin nümayiş etdirdiyi mövqe barədə də ətraflı məlumat verilib.

Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 105 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var. (AZƏRTAC)

Oxşar xəbərlər