Bu fikir Moldovanın “Noi.md” xəbər saytında dərc olunan məqalədə yer alıb.
Moldovalı jurnalistin yazdığı araşdırma məqaləsində vurğulanır ki, tarixçilər XX əsrdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasının üç əsas dövrünü müəyyən ediblər: 1918-1920-ci, 1948-1953-cü və 1988-1991-ci illər.
Vurğulanıb ki, 1918-1920-ci illərdə azərbaycanlı əhalinin Ermənistandan qovulmasına və soyqırımına səbəb bədnam “böyük Ermənistan”ın yaradılması konsepti olub. O dövrün erməni cəmiyyətində etnik əhatə dairəsini genişləndirmək istəyi, mədəni üstünlük ideyası və digər xüsusi hüquqlar hakim idi. Sonralar (1918-ci ilin mayında) Cənubi Qafqazda ilk erməni dövlətinin tərkibinə daxil olacaq İrəvan quberniyasının qəzalarında baş vermiş faciəli hadisələr praktik olaraq Şimali Azərbaycanın şərqində, Bakı quberniyasında törədilmiş hadisələrlə üst-üstə düşürdü. 1918-ci ilin yazında bolşeviklər və Erməni İnqilabi Federasiyasının yaraqlıları - daşnaklar azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər.
Jurnalist erməni daşnaklarının törətdikləri cinayətləri təfsilatı ilə izah edib. O qeyd edib ki, İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı zorakılıqlar erməni tarixçilərinin məqalələrində də öz əksini tapıb. Erməni tarixçisi A.Lalayan yazır ki, 1918-1920-ci illərdə Daşnaksütyun (Erməni İnqilabi Federasiyası) diktaturası dövründə bütün qeyri-erməni əhali, Ermənistanda yaşayan azərbaycanlılar süngülərlə öldürülüb, digərləri şəhərlər və kəndlər yerlə-yeksan olunmaqla yurd-yuvalarından çıxarılmağa məcbur edilib.
Lalayan, həmçinin vurğulayır ki, Daşnaksütyunun ölkə rəhbərliyində olduğu 30 ay ərzində Ermənistanın türk (Azərbaycan) icması 77 faiz azalıb. Ümumiyyətlə, 1918-1920-ci illərdə birinci Ermənistan Respublikasının mövcudluğu erməni siyasətçilərinin dövlətin gücündən ölkəni idarə etmək üçün deyil, azərbaycanlı əhalini didərgin salmaq, onların əmlakını ələ keçirmək üçün necə istifadə etdiklərinin əyani nümayişi olub. 1948-1953-cü illərdə - artıq sovet dövründə azərbaycanlılar geri dönmək ümidi olmadan Ermənistanı tərk etməkdə idilər. Bu proses İkinci Dünya müharibəsindən sonra daha da gücləndi və Sovet İttifaqı dağılanadək daimi tendensiya olaraq qaldı.
Məqalə rus və rumın dillərində dərc edilib. (AZƏRTAC)