20.09.2024, 10:57
AZ EN
16.07.2024, 15:34 173

Paşinyan konstitusiyanı dəyişmək üçün Bakıdan vaxt istəyib...

XƏBƏRLƏR
  • “Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib”.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Paşinyan konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir: “Ola bilsin, məhz buna görə Baş nazir Konstitusiya islahatları Komissiyasına yeni Konstitusiyanın konsepsiyasını 2026-cı ilin dekabrında Milli Assambleyaya keçiriləcək seçkilərdən sonra təqdim etməklə bağlı göstəriş verib”.

Politoloq Elxan Şahinoğu Ermənistan mətbuatında yazılanları şərh edərkən bildirib ki, rəsmi Bakının İrəvanın şifahi vədlərinə inandığı barədə səslənən fikirlər şübhə doğurur: "Erməni mətbuatının iddiasına görə, guya baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, o Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Konstitusiyanı dəyişdirəcək. Yəni, Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib. Belə bir vədin olub-olmadığını söyləmək çətindir. Nikol Paşinyan heç imzaladığı 9 noyabr bəyanatını yerinə yetirmədi, qoşunlarını Qarabağdan çıxartmadı, bunu biz etdik, onun şifahi vədini yerinə yetirəcəyinə inanmaq olarmı? Digər tərəfdən yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz. Nikol Paşinyana qarşı sui-qəsd həyata keçirsələr, onun yerinə keçən Bakıya verdiyi vədi yerinə yetirəcəkmi?".

Politoloq bildirib ki, Paşinyan əvvəlcə sülh sazişinin imzalansına, digər konseptual məsələlərin isə növbəti mərhələyə saxlanılmasını istəyir. Elxan Şahinoğlunun fikrincə, rəsmi Bakı da sərhədlərin müəyyənləşməsinin vaxt aparacağını anlayır və bəyan edir ki, bu, sülh sazişinin imzalanmasına mane olmamalıdır: "Ancaq Ermənistan konstitusiyasında qonşusunun ərazisinə iddiaları əks etdirən bəndlərin sənəddən çıxarılması qeyri-müəyyən illərə saxlanılmamalıdır. Bunun həllinin başqa yolu il ərzində imzalanması ehtimal olunan çərçivə sazişində Ermənistanın yaxın iki il ərzində konstitusiya dəyişikliyinə gedəcəyi barədə üzərinə konkret bəndlə öhdəlik götürməsidir. Anlamalıdırlar ki, Ermənistanda baş nazir kim olursa-olsun bu öhdəliyin yerinə yetirilməməsi onlara baha başa gələcək".

Elxan SALAHOV

Oxşar xəbərlər