27.07.2024, 08:54
AZ EN
11.06.2024, 17:36 256

ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı gözləntisi: “Azərbaycanla anlaşma olarsa...”

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında davamlı sülh olarsa, bölgənin nəqliyyat və tranzit imkanları daha da genişlənəcək.

"Vətən səsi" xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Ermənistan-ABŞ strateji dialoqunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir, iqtisadi imkanların genişləndirilməsi istiqamətində çalışır.

Ceyms Obrayen Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçərək Avropaya uzanan nəqliyyat dəhlizlərinə də diqqət çəkib. O, açıq mətnlə olmasa da, Zəngəzur dəhlizinin açılması təşəbbüslərini dəstəklədiklərini dilə gətirib: “Ermənistan üçün təhlükəsizlik, rifah və demokratiya yanaşı mövcuddur. Bu istiqamətdə bütün səyləri dəstəkləyirik. Biz həmçinin davamlı sülhün bərqərar edilməsi səylərinə dəstək veriririk. Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirmək üçün çalışırıq. Əgər Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək”.

ABŞ rəsmisi ölkəsinin Ermənistanla müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlığına da toxunub: “Müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi də davam etdirəcəyik. İlk hərbi təlimimiz keçən il oldu, daha çoxunu gözləyirik. Kibertəhlükəsizlik, sərhədlər, enerji, ərzaq təhlükəsizliyi sahələrində işləməyi gözləyirik. Ermənistanı dəstəkləməyə hazırıq. Bizim planımız bu strateji dialoqu strateji tərəfdaşlıq komissiyası ilə əvəz etməkdir ki, bu da əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək”.

ABŞ Ermənistandan keçəcək nəqliyyat dəhlizlərinin Rusiyanın nəzarətində olmasını istəmədiyini də gizlətmir. Siyasi müşahidəçilərin fikrincə, ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində məqsədi bölgədə Rusiya faktorunun böyüməsinin qarşısını almaqdır. Məhz buna görə də Vaşinqton sərhədlərin delimitasiyasının yalnız Azərbaycanla Ermənistanın razılığı əsasında ikitərəfli formatda aparılmasında və Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılmasında maraqlıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər